www.science.az
23.11.2017 14:32

Azərbaycanda baş vermiş zəlzələlərin ocaq mexanizmləri tektonik hərəkətlərin tipləri ilə müqayisə olunub

AMEA-nın Geologiya və Geofizika İnstitutunda “Dünya gərginlik xəritəsi” layihəsinin proqramı vasitəsilə və relyefin topoqrafik xüsusiyyətlərinin təsiri nəticəsində Azərbaycan ərazisində formalaşan gərginlik şəraitinin təhlili” mövzusu üzrə Yer elmləri sahəsində ümumrespublika elmi seminarı keçirilib.

Tədbirdə institutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov çıxış edərək məruzənin Seysmologiya və seysmik təhlükə şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Qulam Babayev tərəfindən hazırlandığını bildirib.

Sonra Q.Babayev məruzəsini təqdim edib. Məruzəçi bildirib ki, Qafqaz regionu (Azərbaycanın hüdudlarında) litosferinin gərginlik və deformasiya şəraitinin formalaşmasında rol oynayan relyefin topoqrafik xüsusiyyətlərinin təsiri müəyyən edilib və mərhələli şəkildə kompüter proqramları vasitəsilə texniki müşahidə əsasında modellər qurulub.

Alim Azərbaycan ərazisi boyu gərginliklərin oriyentasiyasının şimal-şimal-şərq istiqamətində inkişaf etdiyini və Xəzər dənizinin cənub hissəsində sağtərəfli sıxılma təsiri yaratdığını deyib: "Gərginlik sahələrinin formalaşması Yer səthinin relyefinin təsiri şəraitində baş verir. Beləliklə, 100 km dərinlikdə gərginliklərin inkişaf prosesinə Yer səthinin relyefinin təsiri çox yaxşı müşahidə olunur və burada lokal topoqrafik qüvvələrin təsiri ilə gərilmə və sıxılma gərginliklərinin azalması baş verir. Daha sonra dərinlik artdıqca sıxılma və gərilmə gərginliklərinin yüksəlməsinin real mənzərəsi izlənilir".

Q.Babayev Azərbaycan ərazisində 1990-2015-ci illər ərzində Мw≥5 moment maqnitudası ilə baş vermiş zəlzələlərin ocaq mexanizmlərinin “Dünya gərginlik xəritəsi” layihəsinin proqramı vasitəsilə (CASMO) izləndiyini və tektonik hərəkətlərin tipləri ilə müqayisə olunduğunu diqqətə çatdırıb.

Alim alınan nəticələrə əsasən, Böyük Qafqazın qərb və mərkəzi hissələrinin şimal-şərq-cənub-qərb gərilmə şəraiti ilə səciyyələndiyini, şərq hissəsində isə bu gərilmənin intensiv sıxılma ilə əvəz olunduğunu söyləyib.

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.