www.science.az
28.11.2017 11:38

Beynəlxalq Elmlər Akademiyası Azərbaycan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Elmi İnkişaf üzrə Beynəlxalq Şura-Beynəlxalq Elmlər Akademiyası Azərbaycan bölməsinin (BEA AB) Rəyasət Heyətinin iclası keçirilib.

Tədbiri BEA AB-ın prezidenti, geologiya-minerologiya elmləri doktoru, professor Elçin Xəlilov açaraq qurumun 2017-ci ildəki fəaliyyətinə dair hesabatını təqdim edib.

Sonra Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, BEA-nın fəxri prezidenti, akademik Ziyad Səmədzadə çıxış edərək Beynəlxalq Elmlər Akademiyası Azərbaycan bölməsinin 2001-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis olunduğunu diqqətə çatdırıb. Bildirib ki, hazırda ulu öndər Heydər Əliyevin siyasi kursunu ləyaqətlə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə siyasi və iqtisadi islahatlar siyasəti uğurla həyata keçirilir, iqtisadiyyatımız sürətlə inkişaf edir, bütün sahələrdə olduğu kimi elmi-tədqiqatların müxtəlif istiqamətlərində alimlərimizin dünya elmi ilə inteqrasiya prosesi gücləndirilir.

Z.Səmədzadə qeyd edib ki, BEA-nın Azərbaycan bölməsinin üzvləri elmi-tədqiqat proqramları üzrə mühüm nailiyyətlər əldə edib, beynəlxalq konfrans və seminarlarda məruzələrlə çıxış ediblər.

Daha sonra “İpək yolunun Xəzər hissəsi” adlı elmi-populyar filmin təqdimatı olub və müzakirəsi keçirilib.

İclasda BEA AB-yə həqiqi üzv seçilmiş – AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun Strateji maliyyə modelləşdirmə laboratoriyasının rəhbəri, AMEA-nın müxbir üzvü Akif Musayevə, Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzova, Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadiyyat kafedrasının professoru Elşən Hacızadəyə, Azərbaycan Texniki Universitetinin Xüsusi texnologiyalar və avadanlıqlar kafedrasının müdiri, professor Ələkbər Hüseynova, Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə rəhbəri, professor Əliniyaz Məmmədova və Türkiyənin İstanbul Texniki Universitetinin Sənaye mühəndisliyi kafedrasının professoru Elmxan Mahmudova diplom və döş nişanları təqdim edilib.

Akademik Z.Səmədzadə BEA-nın həqiqi üzvləri - AMEA-nın Geologiya və Geofizika İnstitutunun laboratoriya müdiri, akademik Pərviz Məmmədova 80 illik yubileyi münasibətilə qurumun “Qızıl döş nişanı”nı, “Xalq qəzeti”nin baş redaktorunun müavini, Əməkdar mədəniyyət işçisi Afət Məmmədova isə 70 illik yubileyi münasibətilə “Gümüş döş nişanı” mükafatlarını təqdim edib.

Sonda səsvermə yolu ilə BEA AB-nin yeni həqiqi, fəxri və müxbir üzvlərinin seçkisi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.