www.science.az
04.12.2017 10:24

Akademik İbrahim Quliyev beynəlxalq ekoloji mükafata layiq görülüb

AMEA-nın vitse-prezidenti, Neft və Qaz İnstitutunun direktoru, akademik İbrahim Quliyev Azərbaycanın ətraf mühitinin mühafizəsi işinə verdiyi sanballı töhfələrə görə “Ecoworld” Beynəlxalq ekoloji mükafatın ali təltifinə - “Yer üzündə həyatın qorunmasına görə” ordeninə layiq görülüb.

Noyabrın 30-da Moskvada, Rusiya Dövlət Dumasının binasında laureatlara mükafatların təntənəli təqdimetmə mərasimi keçirilib.

Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin üzvü Yelena Panina və Rusiya Təbiət Elmləri Akademiyasının prezidenti, akademik Oleq Kuznetsov mükafatı alimə təqdim ediblər.

Yüksək mükafata görə təşəkkürünü bildirən akademik İ.Quliyev rusiyalı həmkarları ilə birgə Qafqazın və Xəzərin öyrənilməsinə dair hazırladıqları layihələri Rusiya Fundamental Tədqiqatlar Fonduna təqdim etdiklərini və onlardan dördünün qəbul edildiyini diqqətə çatdırıb.

Qeyd edək ki, “Ecoworld” mükafatı Rusiya Təbiət Elmləri Akademiyası tərəfindən 2003-cü ildə təsis olunub və 2017-ci ildə beynəlxalq status adını alıb. Bu il mükafata Rusiyanın 39 regionundan və dünyanın 25 ölkəsindən 240 layihə təqdim olunub. Akademik İ.Quliyev mükafatın Qəyyumlar Şurasının üzvüdür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.