www.science.az
05.12.2017 13:12

“Applied and Computational Mathematics” jurnalının əməkdaşlarına mükafatlar təqdim olunub

Azərbaycan Respublikası Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunda dərc olunan “Applied and Computational Mathematics” (ACM) beynəlxalq jurnalının əməkdaşları mükafatlandırılıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən jurnalın Azərbaycan elminin və təhsilinin təbliğində və dünya elmi fəzasına inteqrasiyasında əhəmiyyətli rol oynadığını nəzərə alınaraq, nəşrin uğurlarında zəhmətləri olan baş redaktor müavini Nərgiz Səfərova, icraçı redaktor Nazilə Hacıyeva, redaktor assistentləri Nərgiz Hüseynova və Yeganə Məmmədovaya nazirliyin “Fəxri fərman”ları təqdim olunub.

BDU-nun rektoru, akademik Abel Məhərrəmov jurnalın baş redaktoru, akademik Fikrət Əliyevi və nəşrin kollektivini mükafat münasibətilə təbrik edib, onlara yeni yaradıcılıq uğurları arzulayıb. Vurğulayıb ki, ACM jurnalı BDU-nun reytinqinin beynalxalq aləmdə yüksəlməsində böyük rol oynayır. İngilis dilində nəşr olunan jurnalda tətbiqi riyaziyyatın müxtəlif sahələrinə aid yüksək səviyyəli, əsaslı rəydən keçən elmi məqalələr dərc edilir.

Sonda akademik F.Əliyev çıxış edərək redaksiya heyəti adından Təhsil naziri Mikayıl Cabbarova və akademik A.Məhərrəmova minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.