www.science.az
19.12.2017 09:33

AMEA-nın vitse-prezidenti Tbilisidə akademik Elizbar Cavelidzenin 80 illik yubiley tədbirində iştirak edib

Böyük türkoloq və tanınmış şərqşünas alim, Gürcüstan Elmlər Akademiyasının həqiqi üzvü Elizbar Cavelidzenin anadan olmasının 80 illiyi Tbilisidə geniş qeyd olunub.

Bu münasibətlə keçirilmiş yubiley tədbirini Gürcüstan Elmlər Akademiyasının prezidenti, akademik Georgi Kvasitadze açaraq görkəmli alimin şərqşünaslıq elminin inkişafındakı xidmətlərindən bəhs edib.

Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Akademik Elizbar Cavelidze və Azərbaycan” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə akademik Elizbar Cavelidzenin çoxcəhətli yaradıcılığına elmi qiymət verilməklə bərabər, onun Azərbaycan ədəbiyyatının tədqiqi sahəsindəki xidmətlərinin ölkələrimiz arasındakı elmi-mədəni əlaqələrin daha da inkişaf etdirilməsinə sanballı töhfələr verdiyi qeyd olunub.

Bildirilib ki, Elizbar Cavelidze türk ədəbiyyatının qüdrətli simaları olan Cəlaləddin Rumi, Yunus Əmrə, Aşiq Paşa haqqındakı elmi-tədqiqat əsərləri ilə, həmçinin Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi Məhəmməd Füzuliyə həsr edilmiş sanballı monoqrafiyası ilə dünya füzulişünaslığını daha da zənginləşdirib. O, həmkarı Georgi Caculaşvili ilə birlikdə “Kitabi-Dədə Qorqud” dastanlarını gürcü dilinə tərcümə edərək kitab halında nəşr etdirib. Akademik Elizbar Cavelidze sufizm və hürufizm cərəyanlarının tanınmış tədqiqatçılarından biridir.

Daha sonra türkiyəli professor İlyas Üstünyerin “Gürcüstan ədəbiyyatşünaslıq elmində Elizbar Cavelidze mərhələsi” mövzusunda məruzəsi dinlənilib.

Tədbirdə Gürcüstan Elmlər Akademiyasının vitse-prezidenti, akademik Roin Metreveli, professor Yelena CavelidzeVladimir Minaşvili və başqalarının məruzələrində gürcü türkologiyasının patriarxının çoxcəhətli elmi fəaliyyətinin ayrı-ayrı istiqamətləri geniş təhlil edilib.

Akademik İsa Həbibbəyli Gürcüstana səfəri çərçivəsində Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunda da olub. Görüşdə Gürcü Ədəbiyyatı İnstitutunda həyata keçirilən “Şota Rustaveli və Nizami Gəncəvi” layihəsinin icra edilməsində Nizami adına Ədəbiyyat İnstitutunun iştirakı məsələləri ətrafında müzakirələr aparılıb.

Gürcü Ədəbiyyatı İnstitutunun direktoru, professor İrma Ratiani, “Şota Rustaveli və Nizami Gəncəvi” layihəsinin icraçı direktoru, professor Maka Elbakidze görkəmli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin Şərq aləmində və Qafqazda intibah mədəniyyətinin yaranması və inkişaf etdirilməsindəki rolundan danışaraq, intibah proseslərinin öyrənilib dəyərləndirilməsində qarşılıqlı ədəbi-mədəni əlaqələrin yenidən araşdırılmasının əhəmiyyətini vurğulayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.