www.science.az
22.12.2017 12:21

Ədəbiyyat İnstitutunda çinli alimlərlə elmi müzakirələr aparılıb

Ölkəmizdə səfərdə olan Çinin İctimai Elmlər Akademiyası (ÇİEA) Fəlsəfə İnstitutunun direktor müavini, professor Cui Veihanq, həmin institutun şöbə müdiri, professor Li He və əməkdaşı Çu Çunmin AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ilə görüşüblər.

AMEA-nın vitse-prezidenti çinli alimlərə akademiyada əlaqələrin inkişafı istiqmətində atılan addımlardan və gələcək planlardan danışıb. Qonaqlar isə Çində aparılan elmi tədqiqatlarla bağlı fikirlərini bölüşüblər.

Daha sonra qonaqlar AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda fəaliyyət göstərən Çin Tədqiqatları Mərkəzi ilə tanış olublar. İnstitutun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, professor Bədirxan Əhmədov çinli alimlərə şöbənin fəaliyyəti barədə məlumat verib. Çin Tədqiqatları Mərkəzinin koordinatoru Nərgiz Kərimova Çin dilinin tədrisinin vəziyyəti barədə fikirlərini paylaşıb. Daha sonra mərkəzdə müzakirələr aparılıb.

Qeyd edək ki, son zamanlar Azərbaycanla Çin arasında elmi əlaqələr intensiv sürətdə inkişaf edir. Qarşılıqlı səfərlər, bağlanan müqavilələr bu əməkdaşlığın genişlənməsinə şərait yaradır. Müstəqillik dövründə Çinlə əlaqələrimizin əsası ümummilli lider Heydər Əliyevin 1994-cü ilin mart ayında Çinə rəsmi səfəri ilə qoyulub. Həmin siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2005-ci il martın 17-19-da, 2015-ci il dekabrın 8-11-də dövlətimizin başçısının Çinə rəsmi səfərləri iki ölkə arasında əməkdaşlığın daha da inkişafına öz töhfəsini verir.

AMEA iki ölkə arasında qarşılıqlı elmi əlaqələrin inkişafı istiqamətində bir sıra işlər görülür. Ötən il AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin rəhbərlik etdiyi nümayəndə heyəti ÇİEA-da olub, gələcək perespektivlərlə bağlı mühüm müzakirələr aparılıb. Sonra ÇİEA-nın prezidentinin rəhbərliyi ilə böyük nümayəndə heyəti ölkəmizə səfər edib. Akademik İsa Həbibbəyli Pekində keçirilən "Dəyişən dünya kontekstində Çinin inkişafı" (Pekin, 17-18 noyabr, 2017) beynəlxalq konfransında iştirak edib və hər iki ölkədə elmi mərkəzlərin açılması ilə bağlı razılıq əldə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.