www.science.az
04.01.2018 12:11

Mərkəzi Elmi Kitabxana ilə “Azərbaycan“ qəzeti arasında müqavilə imzalanıb

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) “Azərbaycan” qəzetinin kollektivi ilə görüş keçirilib.

Məqsəd MEK-in mətbuat fondunun zənginləşdirilməsini ənənəyə çevirmək, bu prosesin aparıcı media orqanı tərəfindən ictimailəşdirilməsini təmin etmək, həmçinin əməkdaşlıq məsələlərini müzakirə etmək olub.

Görüşdə MEK-in direktoru, tibb elmləri üzrə fəlsəfə doktoru Leyla İmanova çıxış edərək kitabxananın fəaliyyəti, strateji hədəfləri, o cümlədən 2017-ci ilin nəticələri və uğurları haqqında məlumat verib. L.İmanova cari ildə Azərbaycan Xalq Cümhuriyyətinə aid materialların rəqəmsallaşdırılaraq ADA Universitetinə hədiyyə olunduğunu, həmçinin Kazım Qarabəkir, Hüseyn Cavid və türkoloq alim Georq Hazainin Türkiyədə, Naxçıvanda və Macarıstanda adlarını daşıyan ev-muzey və kitabxanalarına müxtəlif nəşr və fotoların bağışlandığını deyib.

O, eyni zamanda MEK-də 20-yə qədər xarici ölkənin təmsil olunduğu Diplomatik fondun yaradıldığını, 40-a yaxın ölkə, 50-dən çox təşkilat ilə beynəlxalq kitab mübadiləsinin aparıldığını söyləyib.

2017-ci ildə AMEA rəhbərliyi və Mətbuat Şurası arasında əldə olunan razılaşmanı xatırladan L.İmanova Azərbaycanın aparıcı mətbuat orqanlarının nüsxələrinin elektron formatda MEK-in Milli Rəqəmsal Yaddaş bazasına daxil edilməsi prosesinin başlanıldığını bildirib. MEK direktoru bununla bağlı ilk addımın “Yeni Azərbaycan” qəzeti ilə reallaşdırıldığını deyib və “Azərbaycan” qəzetinin bu prosesə qoşulmaq istəyini yüksək qiymətləndirib.

Sonra qəzetin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov çıxış edərək “Azərbaycan” qəzetinin zəngin və şərəfli tarixindən, keçdiyi inkişaf yolundan danışıb. B.Sadıqov MEK-də mənbələrin qorunub saxlanılması istiqamətində görülən işləri yüksək qiymətləndirərək “Azərbaycan” qəzetinin 2003-2016-cı illərdə dərc edilmiş saylarını PDF şəklində və çap formatda (31 cild) kitabxanaya təqdim edib.

Daha sonra MEK ilə “Azərbaycan” qəzeti arasında müəllif hüquqlarının müdafiəsinə, həmçinin əməkdaşlığın inkişafına dair müqavilə imzalanıb.

Sonda qonaqlar MEK-in Nadir kitab və Diplomatik fondunun işi ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.