www.science.az
08.01.2018 11:44

AMEA-nın Naxçıvan Bölməsinin 2018-ci il üçün iş planı təsdiq olunub

AMEA-nın Naxçıvan Bölməsinin Rəyasət Heyətinin cari ildə ilk iclası keçirilib.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək gündəlikdə duran məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Bölmənin elmi-təşkilati məsələləri barədə danışan akademik İ.Hacıyev Rəyasət Heyətinin 2018-ci il üçün nəzərdə tutulan 35 maddədən ibarət iş planını açıqlayıb.

İş planı müzakirələrdən sonra təsdiq edilib.

Sonra bölmənin Elmi-təşkilat şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov çıxış edərək 2018-ci ildə aparılacaq elmi tədqiqat işləri barədə məlumat verib. O, 6 elmi istiqamətdə 7 mövzu üzrə aparılacaq 36 işin 76 mərhələdə həyata keçiriləcəyini bildirib.

Mövzular Rəyasət Heyətində müzakirələrdən sonra təsdiq edilib.

İclasda kadr hazırlığı məsələlərinə də toxunulub. Bölmənin doktorant və dissertantlarının attestasiyadan keçirilməsi ilə bağlı Təhsil və kadrlar şöbəsinin baş mütəxəssisi Leyla Səfərova məlumat verib.

Doktorantların təqdim olunan mövzuları müzakirə edilərək Rəyasət Heyətinin qərarı ilə təsdiq edilib.

Daha sonra bölmənin fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul məsələsi müzakirə olunub.

Sonda bir sıra cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.