www.science.az
08.04.2014 00:00

AMEA-nın elmi müəssisə və təşkilatlarının veteran şura sədrlərinin iclası keçirildi

Bu gün AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının II Xüsusi Şöbəsində AMEA-nın elmi müəssisə və təşkilatlarının veteran şura sədrlərinin iclası keçirildi. Tədbiri giriş sözü ilə açan AMEA Birləşmiş Veteranlar Şurasının (BVŞ) sədri, AMEA-nın müxbir üzvü Rafiq Qasımov gündəlikdə duran məsələlər haqqında ətraflı məlumat verdi. BVŞ-nin AMEA-nın 70 illik yubileyi ərəfəsində gördüyü işlərdən danışan R.Qasımov Respublika Veteranlar Şurası ilə birlikdə veteranlara güzəştlərin olunması üçün rəhbərliyə müraciət olunduğunu diqqətə çatdırdı. Akademiyada 8 müharibə veteranın çalışdığını söyləyən R.Qasımov 2015-ci ildə əksər MDB ölkələrində olduğu kimi, Azərbaycanda da Böyük Vətən Müharibəsinin 70 illiyinin qeyd olunmasının nəzərdə tutulduğunu bildirdi.

Sonra çıxış edən AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İşlər idarəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayev veteranların məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı görülmüş tədbirlərdən söz açdı. Bildirdi ki, akademiya əməkdaşlarının sosial problemlərinin həlli istiqamətində mühüm işlər həyata keçirilir. Onun sözlərinə görə, yaxın zamanlarda yeni yaşayış binaları və sanatoriyaların tikilməsi, müəssisə rəhbərlərinə diqqət və qayğının artırılması, ehtiyacı olan veteranlara yardım göstərilməsi nəzərdə tutulur.

Müzakirələrdə veteranlar şurasının sədrləri - AMEA Kibernetika İnstitutundan texnika üzrə fəlsəfə doktoru Rauf Qədimov, AMEA Aşqarlar Kimyası İnstitutundan Nüsrət Əliyev, AMEA Dilçilik İnstitutundan filologiya üzrə elmlər doktoru Kamilə Vəliyeva, AMEA Folklor İnstitutundan Şakir Albaliyev, AMEA Neft-Kimya Prosesləri İnstitutundan Rauf Əzizov suallarla çıxış etdilər, öz təklif və tövsiyələrini səsləndirdilər.

Tədbirdə həmçinin müxtəlif səbəblərə görə şura üzvlüyünü tərk etmiş və vəfat etmiş şura üzvlərinin əvəzinə yeni üzvlərin seçilməsi məsələsinə də baxıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.