www.science.az
27.02.2018 15:01

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu Lənkəran Dövlət Universiteti ilə əməkdaşlıq edəcək

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə Lənkəran Dövlət Universiteti (LDU) arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Sənədi LDU-nun rektoru vəzifəsini icra edən, professor Natiq İbrahimov və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev imzalayıblar.

Müqavilə Lənkəran Dövlət Universitetində mütəxəssis hazırlığının keyfiyyətini yüksəltmək, Lənkəran iqtisadi rayonunda torpaqların müasir vəziyyətini öyrənmək məqsədi daşıyır. Sənədə əsasən, Torpaqşünaslıq və Aqrokimya İnstitutu Lənkəran bölgəsində dağ, dağətəyi, allüvial-hidromorf, antropogen-dəyişilmiş torpaqların xəritəsinin hazırlanmasında, regionda suvarma sularının müasir vəziyyətinin, keyfiyyət göstəricilərinin və suvarılan torpaqlara təsirinin öyrənilməsi işində LDU-ya yardımçı olacaq.

Əməkdaşlıq müqaviləsi 5 il müddətində etibarlı olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.