www.science.az
28.02.2018 13:57

AMEA-da tanınmış alman arxeoloqu ilə görüş keçirilib

Fevralın 28-də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında Almaniyanın Heydelberq Universitetinin professoru, tanınmış arxeoloq alim, doktor Harald Hauptmann və xanımı Salva Hauptmann ilə görüş keçirilib.

Görüşdə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin sədri Hüseyn Böyükfırat və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun kollektivi iştirak ediblər.

Öncə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək görüşün əhəmiyyətindən söz açıb, ikitərəfli əlaqələrin təşkilinin Türkiyə və Avropa ölkələri arasında əməkdaşlığın inkişafına müsbət təsir edəcəyinə əminliyini ifadə edib.  

Son dövrlər AMEA-da həyata keçirilən kompleks islahatlar, prioritet istiqamətlərdə aparılan araşdırmalar haqqında məlumat verən alim akademiyanın dünyanın ən nüfuzlu elm mərkəzlərindən biri olduğunu bildirib. O, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda qədim Azərbaycan tarixinin öyrənilməsi istiqamətində mühüm tədbirlərin görüldüyünü, arxeoloji məktəbin formalaşdığını diqqətə çatdırıb.

Sonra akademik İ.Həbibbəyli alman arxeoloqu Harald Hauptmannın həyat və yaradıcılığı barədə geniş məlumat verib. Bildirib ki, Türkiyə türkcəsini mükəmməl bilən doktor H.Hauptmann 1968-ci ildən başlayaraq uzun müddət Türkiyədə Almaniya Arxeologiya İnstitutunun İstanbuldakı şöbəsinin müdiri vəzifəsində çalışıb. O, Şanlı Urfadakı erkən neolit dövrünə aid (e.ə. IX minillik) Nevalı Çori və Elazığ bölgəsindəki eneolit-tunc-erkən dəmir dövrünə aid Norşuntəpə Höyüğü məskənini tədqiq edən ekspedisiyaların rəhbəri olub, Pakistanın şimal bölgəsində aparılan arxeoloji tədqiqatlara başçılıq edib. Qeyd edib ki, alimin Anadolu, Yaxın Şərq, Pakistan, Balkan və Yunanıstanın qədim arxeologiyası üzrə monoqrafiyaları müasir arxeologiya elminin əsaslarını təşkil edir. H.Hauptmann Heydelberq Universitetinin professoru, Heydelberq Akademiyasının, Serbiya Elmlər və İncəsənət Akademiyasının həqiqi üzvüdür.

Daha sonra prof. H.Hauptmann vizual-elektron görüntülərlə müşaiyət olunan “İctimai məişət və dini mərasim evləri Yaxın Şərqin neolitində (sivilizasiyanın başlanğıcı)” mözusunda elmi məruzəsini təqdim edib. Alim çıxışında “Bərəkətli Hilal” zolağında, xüsusilə, Anadolu ərazisindəki keramika istehsalına qədər və sonra qədim insanların əkinçilik, vəhşi heyvanların əhilləşdirilməsi və neolit dövründə dini inancların yaranması kimi məsələləri geniş şəkildə təhlil edib.

Tədbirdə çıxış edən AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova alman alimi H.Hauptmannı 70-ci illərdən bəri tanıdığını, onun zəngin elmi fəaliyyəti haqqında məlumatlı olduğunu vurğulayıb. İnstitut rəhbəri arxeoloq alimin məruzəsini yüksək qiymətləndirərək onu müvafiq sahələrdə birgə əməkdaşlığa dəvət edib.

Sonda professor H.Hauptmann çoxsaylı sualları cavablandırıb.

Qeyd edək ki, alman arxeoloqu Azərbaycana səfəri çərçivəsində AMEA Rəyasət Heyətində və Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi ekspozisiya şöbəsində də olub. H.Hauptmann azərbaycanlı həmkarları ilə neolit və xalkolit dövrü Anadolu, Yaxın Şərq və Cənubi Qafqaz mədəniyyətlərinin əlaqələri, inkişaf xüsusiyyətləri və digər mövzulara dair müzakirələr aparıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.