www.science.az
02.03.2018 15:25

AMEA-da Moldovanın görkəmli mədəniyyət və ədəbiyyat xadimləri ilə görüş keçirilib

Martın 2-də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Moldovanın görkəmli mədəniyyət və ədəbiyyat xadimləri ilə görüş keçirilib.

Öncə çıxış edən AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Moldova Ədəbiyyatı Günləri çərçivəsində ölkəmizdə səfərdə olan mədəniyyət və ədəbiyyat xadimlərini salamlayıb. Belə bir layihənin həyata keçirilməsinin əhəmiyyətini qeyd edən alim bu addımın ölkələrimiz arasında elmi və mədəni əlaqələrin uğurlu inkişafına təkan verəcəyinə inamını ifadə edib.

AMEA-nın vitse-prezidenti Azərbaycan və Moldova xalqının tarixi və mədəniyyətində bir sıra oxşarlıqların mövcud olduğunu qeyd edib. Alim müvafiq sahədə innovativ layihələrin həyata keçirilməsi məqsədilə iki ölkənin elmi qurumları arasında müqavilənin imzalanmasının, kadr və təcrübə mübadiləsinin aparılmasının məqsədəuyğun olduğunu diqqətə çatdırıb.

Cari ildə Ədəbiyyat İnstitutunun 85 illik yubileyinin qeyd olunacağını nəzərə çatdıran akademik İ.Həbibbəyli institutun tarixi, əsas fəaliyyət istiqamətləri, bu qurumda aparılan araşdırmalar və fəaliyyət göstərən görkəmli alimlər haqqında qonaqlara məlumat verib. Bildirib ki, rəhbərlik etdiyi institutda bir çox xarici ölkələr, o cümlədən Moldova ədəbiyyatının öyrənilməsilə bağlı tədqiqatlar aparılır.  

Ədəbiyyat sahəsində mövcud olan əməkdaşlıqdan söz açan İ.Həbibbəyli Azərbaycan yazıçılarının bir sıra əsərlərinin moldovan dilinə tərcümə edilərək nəşr olunduğunu, həmçinin Moldova yazıçılarının əsərlərinin Azərbaycan dilinə tərcümə olunduğunu qeyd edib.

Sonra Moldovanın ölkəmizdəki səfiri George Leuka çıxış edib. O, təmsil etdiyi ölkə ilə Azərbaycan arasında uzun illik tarixi olan dostluq əlaqələrindən söz açaraq bildirib ki, bugünkü görüş iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın bundan sonra da yüksələn xətlə inkişaf etməsinə imkan yaradacaq.

G.Leuka Moldova Ədəbiyyatı Günlərinin əhəmiyyətini önə çəkərək, layihə çərçivəsində “Dünya ədəbiyyatı” jurnalının Moldova ədəbiyyatına həsr olunmuş xüsusi sayının hazırlanması, Arkadie Suçevianunun “Qağayı ilə göndərilən məktub” şeir toplusu, İqor Volnitskinin “Mənə ölməyi öyrət” kitabının müzakirəsi və təqdimatları, habelə Moldova poeziya gecəsinin keçirilməsinin nəzərdə tutulduğunu deyib. Həmçinin bildirib ki, Moldovanın paytaxtı Kişinyov şəhərində Azərbaycan ədəbiyyatı ilə bağlı çap edilən kitabların təqdimatı keçiriləcək.

Daha sonra Moldova Respublikası Təhsil, Mədəniyyət və Tədqiqatlar nazirinin kabinet rəhbəri Georq Postike, Moldova Yazıçılar Birliyinin sədri Arkadi Suçevyanu və başqaları çıxış edərək Moldova Ədəbiyyatı Günlərinin iki ölkə arasında ədəbi və mədəni əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd ediblər, birgə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.