www.science.az
09.03.2018 08:16

Oksford Akademik Birliyi Aşqarlar Kimyası İnstitutunun direktoruna üzvlük təklif edib

AMEA-nın akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyevə Böyük Britaniyanın Oksford Akademik Birliyinə üzvlük təklif edilib. Sözügedən təşkilatın Ekspertlər Şurası V.Fərzəliyevin beynəlxalq səviyyəli elmi fəaliyyətini, tədqiqatlarının nəticələrinin elm və istehsalın inteqrasiyasına verdiyi töhfəni yüksək qiymətləndirərək bu barədə qərar qəbul edib. Oksford Akademik Birliyində hesab edirlər ki, bu üzvlük akademik V.Fərzəliyevin elmi fəaliyyətinin bütün dünyada daha da tanıdılmasına, həmçinin cəmiyyəti onun elmi tədqiqatlarının nəticələri, innovasiya və nailiyyətlərlə bağlı məlumatlandırmağa əlavə imkan yaradacaq.

Məlumat üçün bildirək ki, Oksford Akademik Birliyi 2014-cü ildə Avropa Rektor klublarının bazası əsasında dünya elmi və biznes cəmiyyətinin tələbi ilə yaradılıb. Bununla bağlı memorandum dünyanın 30 ölkəsinin tanınmış rektor, müəllim və alimləri tərəfindən imzalanıb. Birliyin təsis olunmasında əsas məqsəd XXI əsrdə elm və təhsilin inkişafı üçün alimlərin səylərinin birləşdirilməsi, həmçinin müasir istehsalda yeniliklərin tətbiqinin təşviq edilməsidir.

Onu da qeyd edək ki, 17 aprel 2018-ci il tarixində London şəhərində yerləşən Koralevski İnstitutunda Böyük Britaniya direktorlarının Beynəlxalq Sokrat tədbiri “EBA Achievements-2017” keçiriləcək. Tədbirdə müxtəlif ölkələrin şirkətləri 2017-ci ildə əldə etdikləri nailiyyətlərə görə beynəlxalq mükafatla təltif olunacaqlar. 25-26 aprel 2018-ci il tarixlərində isə Oksford Akademik Birliyinin Təhsil İdarəetmə Akademiyasının iclası baş tutacaq. Akademik Vaqif Fərzəliyev hər iki möhtəbər tədbirdə iştirak etmək üçün dəvət olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.