www.science.az
09.03.2018 16:42

“Keçə sənətində kəsişmə nöqtələri” mövzusunda simpozium keçiriləcək

25-27 oktyabr 2018-ci il tarixlərində Bakıda Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Xalça Muzeyinin təşkilatçılığı ilə “Keçə sənətində kəsişmə nöqtələri” mövzusunda III Beynəlxalq “Türk dünyasının ortaq dili – naxışlar” simpoziumu keçiriləcək.

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) informasiya dəstəyi verdiyi simpoziumun məqsədi türk dünyasının ümumi irsi olan keçə sənətinə həsr edilən elmi-tədqiqat işlərinin ideya mübadiləsi, bu sənət növünün adət və ənənələrinin öyrənilməsi, qorunması, ona qarşı marağın dirçəldilməsi və müxtəlif sahələrdə tətbiq edilməsidir.  

Simpozium çərçivəsində iki tematik sərgi, ustad dərsləri, keçə məhsullarının yarmarkası təşkil olunacaq.

Azərbaycan Xalça Muzeyi ilə MEK arasındakı əməkdaşlıq çərçivəsində tədbir barəsində məlumatların elektron media və sosial şəbəkələrdə yayımlanması, simpozium zamanı kitabxananın fondlarında mühafizə edilən xalçaçılıq sənətinə dair sənədlərin iştirakçıların istifadəsinə verilməsi və kitab sərgisi nəzərdə tutulur. MEK tərəfindən sərgidə nümayiş etdiriləcək kitablar sırasında Azərbaycan, ingilis, rus dillərində olan “Azərbaycan dilində xalçaçılıq leksikası”, “Xalça sənətində naxış yaddaşı”, “Qarabağ bölgəsinin xalçaçılıq tarixi”, “Azərbaycanın İrəvan bölgəsi: tarixi və xalçaları”, “Azerbaijan decoration”, “Национальный костюм народов Кавказа в творчестве художника – литографа К.П.Беггрова”, “Батик и его использование в моделировании одежды” və digər dəyərli tədqiqat əsərləri var.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.