www.science.az
14.03.2018 14:33

"Riyaziyyatın bəzi müasir tətbiq sahələri" mövzusunda elmi məruzə dinlənilib

Martın 14-də keçirilən Rəyasət Heyətinin növbəti iclasında Riyaziyyat və Mexanika İnstitutunun Qeyri harmonik analiz şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Bilal Bilalovun "Riyaziyyatın bəzi müasir tətbiq sahələri" mövzusunda elmi məruzəsi dinlənilib.

Natiq bildirib ki, müasir dövrdə kompüter elminin sürətli inkişafı riyaziyyatın yeni tətbiq sahələrini əhəmiyyətli dərəcədə artırır. Belə ki, kompüter elminin sürətli inkişafı təbiət və cəmiyyətin müxtəlif sahələrində tətbiq üçün yeni riyazi üsulların yaranmasına imkan yaradıb.

B.Bilalov qeyd edib ki,ölkəmizdə klassik riyaziyyatın ənənəvi tətbiq sahələri olan Furye analiz, diferensial tənliklər və ədədi üsullarla yanaşı, son illərdə risk riyaziyyatı və ya aktuar riyaziyyatı, əhəmiyyətlilik nəzəriyyəsi, klaster analizi, diskriminant analizi, faktor analizi kimi sahələr də inkişaf etdirilir. Bu sahələrin inkişafı bilavasitə neyron şəbəkə, qeyri-müəyyənliyin qiymətləndirilməsi-entropiya, fuzzy nəzəriyyə, veyvlet analiz, freym nəzəriyyəsi  üsullarının inkişafı ilə əlaqədardır.

Məruzəçi vurğulayıb ki, tətbiq sahəsi kimi yaranan veyvlet analiz sahəsinə əsas maraq ötən əsrin 80-ci illərindən fransız alimləri Grossman və Morletin seysmik və akustik siqnalların öyrənilməsi haqqındakı işlərindən sonra başlanıb. Veyvlet analiz klassik Furye analizdən tətbiqi nöqteyi nəzərdən çox böyük üstünlüklərə malikdir. Veyvlet analizin aid olduğu approksimasiya nəzəriyyəsinin əsas mahiyyəti düz və tərs veyvlet çevirmələrdən ibarətdir.

Alim son 10 il ərzində Riyaziyyat və Mexanika İnstitutunda qeyd olunan sahələrdə əhatəli tədqiqatlar təşkil olunduğunu, ölkəmizin, eləcə də ABŞ, Rusiya və Ukraynanın aidiyyətli qurumları ilə elmi əməkdaşlıq əlaqələri yaradıldığını diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AMEA-nın 70 illik yubiley tədbirində kosmik sənayenin inkişafı və peyk verilənlərinin müəyyən identifikasiya məsələlərinə tətbiqi ilə bağlı tövsiyələrini əsas tutaraq "Freym nəzəriyyəsi-veyvlet analizin seysmologiyada və digər sahələrdə siqnalların emalına tətbiqi" və "Neyron şəbəkələrlə yaxınlaşma və freymlərin bəzi sualları" elmi proqramları hazırlanıb. Proqramlar AMEA Rəyasət Heyəti tərəfindən dəstəklənib, bu istiqamətdə fəaliyyət qrupu formalaşdırılıb və institutda "Siqnalların emalının riyazi problemləri" laboratoriyası yaradılıb. Natiq vurğulayıb ki, AMEA-nın Elmi Proqramları çərçivəsində aparılan tədqiqatların nəticələri əsasında hazırlanmış 20-dək məqalə "Clarivate Analytics" agentliyinin bazasına daxil olan jurnallarda dərc edilib. Həmçinin "Siqnallar. Təsnifatı. Veyvlet analiz" və "Peyk verilənlərinə görə torpaq şoranlığının identifikasiyasının riyazi metodları" adlı iki metodik göstəriş nəşr olunub.

B.Bilalov nəzərə çatdırıb ki, veyvlet analizin tətbiqinə dair icra olunmuş bir sıra işlər bu sahədə aparılan tədqiqatların ölkəmiz üçün mühüm elmi və texniki əhəmiyyət daşıdığını göstərir. Tədqiqatların davam etdirilməsi üçün Azərbaycan ərazisinin LandSat peykindən mavi, yaşıl, qırmızı və NİR spektral kanallarına uyğun 1999-2017-ci illəri əhatə edən peyk təsvirləri toplanıb, konkret ərazilər üzrə peyk verilənlərinə görə statistik araşdırmalar aparılıb. O, cari ildə ölkəmizdə seçilmiş əraziyə uyğun yerüstü ölçmələrin verilənlər bazasının və peyk verilənlərinin işlək statistik bazasının yaradılması, torpaq təsnifatı göstəricilərinin təyini, şoranlıq indekslərinin seçilməsi və ya təyini, uyğun proqram təminatının yaradılmasının nəzərdə tutulduğunu əlavə edib.

Məruzə dinlənildikdən mövzu ətrafında akademiklər - İbrahim Quliyev, Rasim Əliquliyev, Fəxrəddin QədirovNazim Məmmədov, AMEA-nın müxbir üzvləri - Əminağa Sadıqov, Misir Mərdanov, Fizika İnstitutunun laboratoriya müdiri, fizika-riyaziyyat elmləri doktoru Şakir Nağıyev və digərləri çıxış edərək fikir və təkliflərini bildiriblər.

Suallar cavablandırıldıqdan sonra Rəyasət Heyətinin qərarı ilə hesabat qənaətbəxş hesab olunub. Qərara əsasən tətbiqi riyaziyyat sahəsində araşdırmalar Azərbaycanda prioritet elmi istiqamətlərindən biri olaraq qəbul edilib. AMEA-nın Fizika Riyaziyyat və Texnika Elmləri Bölməsinə tətbiqi riyaziyyat sahəsində tədqiqatların interdissiplinar və multidissiplinar xarakteri nəzərə alınaraq, bu istiqamətdə araşdırma aparan elmi müəssisələr arasında əməkdaşlığın genişləndirilməsi, dünyanın aparıcı elmi mərkəzləri ilə beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, magistrant və doktorantlar üçün dissertasiya mövzularının müəyyənləşdirilməsində tətbiqi riyaziyyat sahəsində elmi problemlərə diqqətin artırılması, tətbiqi riyaziyyat üzrə ümumrespublika konfransının təşkili, dövlət proqramları üzrə xaricdə yüksəkixtisaslı kadr hazırlığı çərçivəsində tətbiqi riyaziyyat sahəsində kadrların hazırlanması üçün müvafiq tədbirlərin həyata keçirilməsi və digər istiqamətlərdə müvafiq tapşırıqlar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.