www.science.az
14.03.2018 13:48

AMEA-nın Ümumi yığıncağının 28 aprel 2017-ci il tarixli qərarının icrası haqqında hesabat dinlənilib

Rəyasət Heyətinin növbəti iclasında AMEA-nın Ümumi yığıncağının 28 aprel 2017-ci il tarixli qəra­rının icrasına dair hesabat dinlənilib. Bildirilib ki, "AMEA Rəyasət Heyətinin 2016-cı il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında" qəra­rın müvafiq bəndlərində Rəyasət Heyətinə bir sıra tapşırıqlar verilib və həmin bəndlər üzrə mühüm işlər görülüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AMEA-nın 70 illik yubileyində qarşıya qoyduğu vəzifələri və müəyyən etdiyi prioritetləri rəhbər tutaraq ötən il akademiya tərəfindən respublikamızda aparılan irimiqyaslı islahatların elmi bazasının möhkəmləndirilməsi, ölkənin müdafiə, enerji, ekoloji və ərzaq təhlükəsizliyinin təmin edilməsi, innovasiya fəaliyyətinin genişləndirilməsi, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun qorunması və inkişaf etdirilməsi, ölkənin demoqrafik vəziyyətinin respublikanın sosial-iqtisadi inkişaf perspektivləri baxımından kompleks araşdırılması, sənayenin və kənd təsərrüfatının inkişafı prosesində elmin rolunun artırılması və digər istiqamətlərdə əhəmiyyətli işlər görülüb, elmin inkişafı üçün mühüm tədbirlər həyata keçirilib.

Qeyd olunub ki, ölkə başçısının “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanına uyğun olaraq AMEA-nın öhdəsinə düşən vəzifələrin icrasını təmin etmək məqsədilə yaradılan Daimi İşçi komissiyası tərəfindən akademiyanın elmi bölmə və müəssisələrinin, idarə və şöbələrinin, habelə AMEA-nın nəzdindəki digər təşkilatların təklifləri müzakirə olunaraq ümumiləşdirilib və Rəyasət Heyətinə təqdim olunub. Təkliflər Rəyasət Heyətinin iclasında müzakirələrdən sonra qəbul olunub, yol xəritələrində qarşıya qoyulan vəzifələrin icrası istiqamətində müvafiq tapşırıqlar verililib.

AMEA tərəfindən “Elm haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə əlaqədar respublikada elmi-təşkilati strukturun, hüquqi bazanın təkmilləşdirilməsi, elmi fəaliyyətin koordinasiyası, innovativ fəaliyyətin genişləndirilməsi,  elm və təhsil arasında inteqrasiyanın gücləndirilməsi və digər istiqamətlərdə bir sıra mühüm tədbirlər həyata keçirilib.

Vurğulanıb ki, biotexnologiya və gen mühəndisliyi sahəsində xarici ölkələrdə fəaliyyət göstərən azərbaycanlı alimlərlə elmi əməkdaşlıq gücləndirilib, Akademiyanın alimləri xarici ölkələrdə təlim keçərək öz biliklərini artırıblar. Həmçinin, insan genetikası üzrə tədqiqatlar genişləndirilib, bir çox xəstəliklərin molekulyar səviyyədə öyrənilməsində ilkin nailiyyətlər əldə edilib.

Xəzər  dənizinin ekologiyası, biologiyası və geologiyası ilə bağlı “Aralıq, Qara və Xəzər dənizləri palçıq vulkanizminin müqayisəli təhlili” və “Neft və qaz yataqlarının formalaşması və mənimsənilməsi ilə əlaqədar məhsuldar qatın makro və mikro qeyri-bircinsliliyinin tədqiqi (Cənubi Xəzər hövzəsinin səciyyəvi yataqları timsalında)”  elmi-tədqiqat işləri yerinə yetirildiyi bildirilib. Eyni zamanda “Xəzəryanı regionun Azərbaycan hissəsində tərəddüd edən dəniz səviyyəsi şəraitində geomorfologiya və dinamikanın, həmçinin iqtisadi və ekoloji vəziyyətin tədqiqi (Azersky peykinin çəklişlərindən istifadə etməklə)” elmi tədqiqat proqramı icra olunmaqdadır.

Vurğulanıb ki, beynəlxalq əməkdaşlıqlar çərçivəsində AMEA-nın elmi müəssisələrinin əməkdaşları müxtəlif qrant proqramları və mərkəzlərinin (Erasmus+, Horizon-2020, Avropa Meşə İnstitutu, Beynəlxalq Botanika Bağları Cəmiyyəti, Volksvagen Fondu, Rumıniya Milli Təhsil Mərkəzi, Təhsildə Kooperasiya üzrə beynəlxalq Norveç Mərkəzi və s.) dəstəyi ilə Avropa, ABŞ, Asiya, Afrika və MDB-nin müxtəlif ölkələrində beynəlxalq treyninq kurslarda, elmi forumlarda iştirak edib və elmi laboratoriyalarda müştərək tədqiqatlar aparıblar.  

Məruzədə AMEA-nın Yüksək Texnologiyalar Parkının Azərbaycanda elmin kommersiyalaşması, innovasiya ekosisteminin qurulması istiqamətində xarici qurumlarla sıx əməkdaşlıq etdiyi bildirilib. AMEA YT Parkının Türkiyənin Erciyes Texnoparkı ilə birgə innovativ layihələrin həyata keçirilməsi üzrə işçi qrupu yaradılıb, Çin-Rusiya İnnovasiya Texnoparkı ilə elmin kommersiyalaşması istiqamətində memorandum imzalanıb,  AMEA YT Parkının Biznes İnkubasiya Mərkəzində Azərbaycan-Çin Texnologiyaların Transferi Mərkəzi yaradılılıb.

Ötən il AMEA-da informasiya cəmiyyəti, informasiya cəmiyyətinin formalaşmasının, inkişafının və aktual problemlərinin fəlsəfi aspektləri, informasiya cəmiyyətində həyat tərzi və miqrasiya prosesləri (sosial-fəlsəfi təhlil), milli-mənəvi dəyərlərə fəlsəfi yanaşma, Azərbaycanda elm və bilik tutumlu cəmiyyətin formalaşmasında İKT-nin rolu, NBİC texnologiyaların sosial-mədəni mühitdə yarada biləcəyi dəyişikliklər və digər mövzularda multidissiplinar xarakterli elmi tədqiqat işlərinin aparıldığı diqqətə çatdırılıb.

2017-ci ildə "AzScienceNet" şəbəkəsinin infrastrukturunun genişləndirilməsi, onun resurslarından səmərəli istifadə olunması, Avropanın onlayn elm və təhsil mühitinə inteqrasiyası məqsədilə AzScienceNet şəbəkəsinin Pan-Avropa elm və təhsil şəbəkəsinə (GEANT) 1,5 Gbit/san. sürətlə qoşulması təmin olunub, həmçinin AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-resurslarının AzScienceNet şəbəkəsinin Data Mərkəzində saxlanılması və hostinq xidmətlərinin dəstəklənməsi işləri həyata keçirilib.

Vurğulanıb ki, The SCImago Institutions Rankings (SIR) təşkilatının reytinq sıralamasında müsbət dinamika müşahidə olunur və AMEA-nın reytinqi irəliləyib. AMEA-nın elmi müəssisələrinin və əməkdaşlarının fəaliyyətinin qiymətləndirilməsində Web of Science və SCOPUS kimi nüfuzlu elmi platformaların məlumatlarından da istifadə olunur.

Hesabat ilində AMEA-nın yeni mənzil fondunun qəbul edilməsi və ehtiyacı olan əməkdaşlara paylanması istiqamətində inşa edilmiş binada 61 mənzil Akademiyanın yataqxanasında yaşayan əməkdaşlara təhvil verilib. Eyni zamanda Abşeron rayonunun Saray qəsəbəsində 7 hektar ərazidə AMEA-nın əməkdaşları üçün yaşayış kompleksinin salınması istiqamətində müzakirələr aparılıb, onların güzəştli şərtlərlə təqdim edilməsi istiqamətində işlər görülüb.

Rəyasət Heyəti sadalanan və qeyd olunan digər məsələləri nəzərə alaraq AMEA-nın Ümumi yığın­cağının 28 aprel 2017-ci il tarixli qəra­rının icrası ilə bağlı görülmüş işləri qənaətbəxş hesab edib. İclasda başa çatdırılmamış işlərin cari ildə davam etdirilməsi istiqamətində müvafiq tapşırıqlar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.