www.science.az
09.04.2018 14:12

Akademik Musa Əliyevin anadan olmasının 110 ili tamam olur

Aprelin 11-də görkəmli neftçi-alim, akademik Musa Əliyevin anadan olmasının 110 ili tamam olur.

Akademik Musa Əliyev 11 aprel 1908-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. 1926-cı ildə fizika-riyaziyyat təmayüllü orta məktəbi (Aşqabad şəhərində) əla qiymətlərlə bitirmiş və həmin ildə Azərbaycan Politexnik (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) İnstitutunun Dağ-mədən fakültəsinə daxil olmuşdur. 1931-ci ildə institutu bitirmişdir.

Əmək fəaliyyətinə 1927-ci ildə Suraxanı istismar kontorunda xronometrajçı vəzifəsindən başlamışdır. Hələ tələbəlik illərində, 1929-cu ildə, professor V.V.Boqaçovun dəvəti ilə institutun Paleontologiya, tarixi geologiya və SSRİ geologiyası kafedrasına laborant vəzifəsinə qəbul olunur. O, burada paleontologiya üzrə zəngin V.V.Boqaçov məktəbindən bəhrələnir və ömrünün sonuna kimi elmi yaradıcılığını paleontologiya və stratiqrafiya elmləri ilə bağlayır. 1931-ci ildə M.M.Əliyev institutun aspiranturasına daxil olmuş və elmi axtarışlarını V.V.Boqaçov, V.F.Pçelintsev, V.P.Renqarten kimi görkəmli alimlərin rəhbərliyi ilə aparmışdır. O, 1936-cı  ildə  namizədlik, 1957-ci  ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1957-ci ildə professor elmi adını almışdır. 1950-ci  ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

Akademik Musa Əliyev 1936-cı ildən 1939-cu ilə qədər Azərbaycan Sənaye İnstitutunda ardıcıl olaraq dosent və Neft fakültəsinin dekanı olaraq fəaliyyət göstərmişdir. O, 1939-1941-ci illərdə Azərbaycan Sənaye İnstitutunun rektoru vəzifəsində işləmişdir. Akademik Musa Əliyev 1941-1942-ci illərdə keçmiş SSRİ Neft nazirliyi nəzdində Baş tədris idarəsinin rəisi vəzifəsinə təyin edilmiş, eyni zamanda Moskva Neft İnstitutunun Paleontologiya və tarixi geologiya kafedrasının dosenti olaraq pedaqoji fəaliyyət göstərmişdir.

Alimin əsas uğurlarından biri onun rəhbərliyi ilə 1949-cu ildə Xəzər dənizinin akvatoriyasında neft və qazın geoloji axtarışı və istismarına dair layihə əsasında ilk dəfə neft sənayesində dənizdə böyük bir yatağın (“Neft Daşları”) açılışı olmuşdur.

Akademik Musa Əliyev böyük elm təşkilatçısı idi. O, 1950-1958-ci illərdə Azərbaycan Elmlər Akademiyasının prezidenti vəzifəsində çalışmışdır. Onun Akademiyaya rəhbərlik etdiyi dövrlərdə Elmlər Akademiyasının inkişafının istiqamətləndirilməsində, yeni elmi tədqiqat institutlarının, bölmə və şöbələrin yaradılmasında, elmin ən perspektiv sahələrinin təşkil edilməsində mühüm xidmətləri olmuşdur. O, Azərbaycanda Mezozoy üzrə paleontoloq və stratiqrafların elmi məktəbinin banisi idi. Bu məktəb SSRİ-də Yura və Təbaşir stratiqrafiyası üzrə “Bakı Məktəbi” kimi məşhurlaşmışdır.

1958-ci ildən  M.Əliyevin elmi fəaliyyətinin yeni dövrü (Moskva şəhəri) başlayır. SSRİ Elmlər Akademiyasının prezidenti A.Nesmeyanovun təklifi ilə Moskvaya yeni təşkil olunmuş Yanar Qazıntı Yataqlarının Geologiyası və İşlənilməsi İnstitutuna elmi işlər üzrə direktor müavini vəzifəsinə dəvət olunaraq ömrünün sonuna kimi (1985) bu institutda çalışmışdır. O, eyni zamanda  institutun Neftqazlı əyalətlərin biostratiqrafiyası laboratoriyasının rəhbəri və İnstitutun elmi şurasının sədr müavini; geologiya və geofizika seksiyalarının sədri olmuşdur. Akademik Musa Əliyev 1967-1971-ci illərdə Sovet-Əlcəzair neft-qaz kontraktına rəhbərlik etmişdir. Əlcəzairin Tinduf və Xassi Braxim neft-qaz yataqlarının açılması onun adı ilə bağlıdır. Bu işlər akademik M.M.Əliyevin əməkdaşları ilə birgə ikicildlik "Əlcəzair Saxarasının geologiyası və neftqazlılığı" və "Əlcəzair Atlaslarının geologiyası və neftqazlılığı" adlı monoqrafiyaların 4 (fransız, rus, ingilis və ərəb) dildə dərc olunması ilə nəticələndi.

Akademik M.M.Əliyev görkəmli alim kimi təkcə keçmiş SSRİ-də yox, eləcə də xarici ölkələrdə də tanınmışdır. O, dəfələrlə beynəlxalq geoloji konqreslərdə ölkəsini layiqincə təmsil etmişdir.  Akademik Musa Əliyev Meksikada XX Beynəlxalq geoloji konqresin (1956),  Madrasda (Hindistan) XLV Ümumhindistan alimlər konqresinin (1957), Kopenhagendə (Danimarka) XXI Beynəlxalq geoloji konqresin (1960), Beyrutda (Livan) ərəb ölkələrinin II neft konqresinin (1960),  İskəndəriyyədə (MƏR) ərəb ölkələrinin III neft konqresinin (1963), Beyrutda (Livan) ərəb ölkələrin IV neft konqresinin (1965),  Əlcəzairdə ərəb ölkələrinin VIII neft konqresinin (1971), Yura-Təbaşir sərhədləri üzrə Bolqarıstanda Beynəlxalq simpoziumun (1977) iştirakçısı olmuşdur.

Akademik Musa Əliyev 1964-cü ildə Macarıstan Xalq Respublikasının (Budapeşt) Geologiya İnstitutuna elmi məsləhətçi kimi ezam edilmişdir.

Akademik Musa Əliyev elmi və ictimai təşkilatların o cümlədən Sovet-Hindistan Dostluq Cəmiyyətinin, Sovet  komitəsi Beynəlxalq Geoloji Cəmiyyətin, Təbaşir stratiqrafik komissiyasının, SSRİ Geologiya Nazirliyinin redaksiya-nəşriyyat şurasının və SSRİ Neftqazçıxarma sənayesi texniki şöbəsinin üzvü idi.

Akademik M.M.Əliyev böyük ictimai xadim idi. O, müxtəlif illərdə SSRİ və Azərbaycanın Ali Sovetlərinin deputatı, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü və katibi, Azərbaycan Nazirlər Soveti sədrinin müavini, Azərbaycan Plan Komitəsinin sədri, keçmiş Ümumittifaq "Bilik" Cəmiyyətinin Azərbaycan şöbəsinin sədri, Lenin Mükafatları Komitəsinin üzvü, Ali Attestasiya Komissiyası Plenumunun üzvü, Sovet-Pakistan Dostluq Cəmiyyətinin vitse-prezidenti olmuşdur.

SSRİ Neft sənayesi kollegiyası tərəfindən "Fəxri Neftçi" adına layiq görülmüşdür. Neft sənayesində çoxillik səmərəli elmi fəaliyyətinə görə adı SSRİ Neft sənayesinin "Fəxri kitabı"na daxil edilmişdir. Ümumittifaq Paleontoloji Cəmiyyətin Fəxri üzvü seçilmişdir.

Akademik M.M.Əliyevin çoxillik məhsuldar elmi-təşkilati, pedaqoji və ictimai fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, "Lenin", "Qırmızı Əmək Bayrağı" (iki dəfə) və "Şərəf Nişanı" ordenləri və bir neçə medal və fəxri fərmanlarla təltif olunmuşdur. Alim ölümündən sonra - 1989-cu ildə "Azərbaycanın təbaşir faunası" monoqrafiyasına görə Azərbaycan dövlət mükafatı laureatı (həmmüəlliflərlə birlikdə) adına layiq görülmüşdür.

Akademik Musa Əliyevin rəhbərliyi ilə 60-dan artıq fəlsəfə və elmlər doktorları yetişdirilmişdir. O, geologiya, paleontologiya və stratiqrafiyanın müxtəlif problemlərinə aid 350-ə yaxın elmi əsərin müəllifi idi.

2008-ci il YUNESKO-nun baş konfransının 34-cü sessiyasında M.Əliyevin 100 illik yubileyinin keçirilməsi haqqında qərar qəbul olunmuş və 2009-cu il noyabrın 17-də onun yubileyi Parisdə YUNESKO-nun binasında təntənəli şəraitdə keçirilmişdir ki, bu da onun çoxşaxəli elmi yaradıcılığının beynəlxalq səviyyədə təsdiqi idi.

Akademik Musa Əliyev 1985-ci ildə Moskvada vəfat etmiş, Bakıda  Fəxri Xiyabanda dəfn olunmuşdur.

Böyük insan, dahi şəxsiyyət,  görkəmli alim, bacarıqlı pedaqoq, əsl ziyalı akademik Musa Əliyevin əziz xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaq.

Fəxrəddin Qədirov, AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, akademik.