www.science.az
14.05.2018 10:27

Beynəlxalq Muzeylər Günü münasibətilə Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Açıq qapı” günü keçiriləcək

Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş bu əlamətdar günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir.

Dünyanın 150-dək ölkəsində qeyd edilən Beynəlxalq Muzeylər Günü bu il "Hiperkommunikasiya dövründə muzeylər: yeni yanaşmalar, yeni auditoriyalar” mövzusuna həsr olunub. Builki günün mövzusu muzeylərin ənənəvi auditoriyasını genişləndirmək üçün yüksək texnologiyaların rolunu vurğulamaqdır. Bu baxımdan kolleksiyaların rəqəmsallaşdırılması, sərgilərə multimedia elementlərinin əlavə edilməsi, sosial şəbəkələrdə təcrübə mübadiləsi məsələlərini qeyd etmək olar.

Bu bayram qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanda da geniş miqyasda qeyd edilir, günün mövzusu çərçivəsində ölkəmizdə silsilə tədbirlər keçirilir.

Beynəlxalq Muzeylər Günü münasibətilə mayın 18-də AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Açıq qapı” günü təşkil olunacaq. Məqsəd insanlara pulsuz olaraq muzeyin təqdim etdiyi sərgi və ekspozisiyalara tamaşa etmək imkanı yaratmaqdır.

Gün ərzində muzeyi ziyarət edənlərə Azərbaycanın zəngin mədəni irsini və qədim tarixini əks etdirən muzeyin tarixi barədə ətraflı məlumat veriləcək, onlar qədim və orta əsrlərə aid mədəniyyət nümunələri, rəsm və heykəltəraşlıq əsərləri ilə yaxından tanış ola biləcəklər.

Muzey saat 10:00-dan 17:00-dək fəaliyyət göstərəcək. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.