www.science.az
17.05.2018 12:33

Ali məktəb tələbələri arasında İnformatika üzrə Ümumrespublika olimpiadasının qalibləri mükafatlandırılıb

Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika olimpiadasının qalibləri mükafatlandırılıb.

Mayın 17-də "Azlntelecom" Məhdud Məsuliyyətli Cəmiyyətində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə ali məktəb tələbələri arasında İnformatika üzrə Ümumrespublika olimpiadasının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Tədbir 17 may - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunub.

Əvvəlcə Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Zaonun 17 may - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü ilə bağlı videotəbriki nümayiş olunub.

Mükafatlandırılma mərasimində iştirak edən Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə qalibləri təbrik edib, onlara uğurlar arzulayıb. Nazir qeyd edib ki, İKT sahəsi dünyada ən dinamik və sürətlə inkişaf edən bir sahədir. Azərbaycanda da bu sahə Prezident İlham Əliyev tərəfindən daim diqqətdə saxlanılır.

Ramin Quluzadə mayın 17-nin Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü olduğunu xatırladaraq, 2006-cı ildən etibarən hər il dünyada bu günə həsr olunmuş müxtəlif tədbirlərin keçirildiyini bildirib. Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün builki mövzusunun “Süni intellekt” olduğunu qeyd edən nazir Ramin Quluzadə ölkəmizdə ali məktəb tələbələri arasında intellektual potensialın inkişafına töhfə verən gənclərin yetişdiyini diqqətə çatdırıb. O, 10 ildən çox müddətdə keçirilən olimpiadanın gənclər arasında proqramlaşma vərdişlərinin inkişafında mühüm rol oynadığını bildirib.

Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, dünyada İKT sahəsi ən prioritet istiqamətlərdən biridir. Hər bir ölkə özünün inkişafında bu sahəyə olduqca böyük diqqət yetirir. Azərbaycanda da dövlət tərəfindən İKT sahəsi daim diqqətdə saxlanılır, mühüm sənədlər imzalanır, bir sıra dövlət proqramları təsdiq olunur. 

Məlumat verilib ki, ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika olimpiadası iki mərhələdə keçirilib. Olimpiadanın aprelin 29-da Bakı Mühəndislik Universitetində keçirilmiş birinci mərhələsində respublikanın 25 ali təhsil müəssisəsindən 62 komanda, ikinci (final) mərhələsində isə respublika üzrə 14 ali təhsil müəssisəsinin ən yaxşı nəticə göstərən 14 komandası iştirak edib.

Olimpiadanın final mərhələsi AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun maddi-texniki bazasından istifadə etməklə keçirilib.

Olimpiadada I yerə Bakı Mühəndislik Universiteti, II yerə ADA Universiteti, III yerə Bakı Dövlət Universiteti, IV yerə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası layiq görülüb.

Bakı Ali Neft Məktəbi, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı isə fərqlənmə sertifikatı ilə təltif olunublar.

Tədbirdə qaliblər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəxri fərman və diplomları, eləcə də olimpiadanın sponsorları “NAR” operatoru və “BestComp Group” şirkəti tərəfindən mükafatlandırılıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.