www.science.az
12.06.2018 14:19

Folklor kollektivlərinin fəaliyyətinə dair müzakirələr aparılıb

Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi AMEA-nın Folklor İnstitutu ilə birgə iyunun 12-də ölkəmizdəki folklor kollektivlərinin fəaliyyətinə dair seminar keçirib.

AMEA-nın Əsas binasında təşkil olunan tədbirdə mərkəzin direktoru Asif Usubəliyev folklorun cəmiyyətdə rolundan danışıb, mövzunun aktuallığını qeyd edib. Bildirib ki, seminar milli dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi məqsədlərinə xidmət edir. Əsas hədəf bu kollektivlərin bir-biri ilə ünsiyyət qurmasına şərait yaratmaqdır.

Daha sonra Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov “Folklor kollektivləri: problemlər, mülahizələr” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, bu seminar folklorşünasların elmi tədqiqatları üçün mühüm vasitədir. M.İmanov folklorşünasların regionlarda folklor kollektivlərinə istiqamət vermələrinin vacibliyini diqqətə çatdırıb.

Seminarda ”Cənub bölgəsində “Halay” folklor qrupu”, “Azərbaycan folklor kollektivlərinin repertuar məsələləri”, “Folklor irsinin yaranmasında bədii kollektivlərin rolu”, “Azərbaycanda azsaylı xalqların folklor kollektivlərinin mövcud problemləri”, “Folklor kollektivlərinin inkişafında ekspedisiyaların rolu” mövzularında məruzələr dinlənilib, müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.