www.science.az
24.07.2018 17:31

AMEA-da Xalq artisti Rasim Balayevin 70 illik yubileyinə həsr olunan tədbir keçirilib

İyulun 24-də AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) görkəmli teatr və kino aktyoru, Xalq artisti, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü Rasim Balayevin 70 illik yubileyinə həsr olunan “Rasim Balayev. Milli yaddaşda qəhrəman obrazı” adlı tədbir keçirilib.

Elm, incəsənət və mədəniyyət xadimlərinin, KİV nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə MEK-in direktoru, t.ü.f.d. Leyla İmanova açıb. O, görkəmli aktyorun həyat və yaradıcılığından, uğurlu səhnə fəaliyyətindən, teatr və filmlərdə canlandırdığı obrazlardan danışıb. Bildirib ki, MEK fondlarında “Rasim Balayev” kateqoriyasına aid edilmiş kitab, jurnal, dissertasiyalar, eləcə də görkəmli aktyorun iştirakı ilə çəkilmiş filmlər və verilişlər kitabxananın elektron kataloqu və Milli Rəqəmsal Bazasına daxil edilərək, istifadəçilərin ixtiyarına verilib. Bundan başqa, MEK informasiya istehsalçısı olaraq Rasim Balayevin azərbaycandilli vikipediyadakı səhifəsini redaktə edib, ərəb, fars, türk və gürcü dilli vikipediyalarda aktyorun viki-səhifəsini yaradıb.

L.İmanova rəhbərlik etdiyi qurum tərəfindən görkəmli sənətkarın həyat və yaradıcılıq yolunu əks etdirən sənədli filmin hazırlandığını da diqqətə çatdırıb.

Daha sonra film nümayiş olunub.

Tədbirdə Mədəniyyət Nazirliyinin nümayəndəsi Elşad Əliyev görkəmli aktyorun zəngin yaradıcılığından və peşəkar sənətkar kimi milli kinomuzun inkişafındakı xidmətlərindən danışıb. Bildirib ki, Rasim Balayevin çəkildiyi filmlər Azərbaycan kinematoqrafiyasının ən parlaq səhifəsinə yazılıb.

Qeyd olunub ki, Azərbaycan teatr sənətinin və kinematoqrafiyasının əfsanəsi Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında “Ulduzlar sönmür” əsərində kiçik bir rolda çəkilib. O, “Nəsimi”, “Babək” və “Dədə Qorqud” filmlərində ustalıqla oynadığı rollara görə tamaşaçıların sevgisini qazanıb.

Tədbirdə Xalq artisti Azər Paşa Nemətov, Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu, Azərbaycan Dövlət Memarlıq və İncəsənət Universitetinin Səhnə danışıq kafedrasının müəllimi, Rasim Balayevin tələbəsi olmuş Əlizaman İlknur və başqaları Rasim Balayev şəxsiyyətinin və sənətinin parlaq cizgiləri haqqında öz düşüncələrini bölüşüblər, aktyoru yubileyi münaibətilə təbrik ediblər.

Sonda çıxış edən Rasim Balayev tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib. Məşhur aktyor öz gənclik və tələbəlik illərindən, sənət yollarındakı çətinliklərdən, Azərbaycanda kino və teatr sənətinin inkişafından, çəkiliş zamanı rast gəldiyi maraqlı hadisələrdən danışıb.

Tədbir bədii hissə ilə davam edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.