www.science.az
06.05.2014 00:00

AMEA Hüseyn Cavidin Ev Muzeyində “Heydər Əliyev-91” sərgisi açılıb

AMEA Hüseyn Cavidin Ev Muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə “Heydər Əliyev-91” sərgisi açılıb.

Sərgidə ulu öndər Heydər Əliyevin Hüseyn Cavid irsinə, yaradıcılığına göstərdiyi qayğı və dəstəyi əks etdirən sənədlər, kitablar, eləcə də dahi rəhbərin Sərəncamı ilə çap edilmiş muzeyin nəşrləri, həmçinin muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlının 2013-cü ildə Heydər Əliyevin 90 illik yubileyinə həsr etdiyi “Heydər Əliyev və Hüseyn Cavid” monoqrafiyası yer alıb.

Sərgidə Heydər Əliyev və Prezident İlham Əliyevin Hüseyn Cavidin anadan olmasının 120, 125 və 130 illik yubileyləri ilə bağlı Sərəncamları da əksini tapıb. Eyni zamanda, sərgidə Heydər Əliyevin təşəbbüsü ilə Hüseyn Cavidin nəşinin Azərbaycana gətirilməsi prosesi, ulu öndərin şəxsən iştirak etdiyi Hüseyn Cavidin Ev Muzeyinin və Naxçıvanda məqbərəsinin açılış mərasimindən hazırlanmış fotolar da yer alıb.

Bundan əlavə, sərgidə “Ömrün üç günü”, “Hüseyn Cavid” (albom- kitabı), “Müstəqilliyimiz əbədidir” və “Heydər Əliyev-90 (“Fateh”, “Fəthin yolu”, “Ümid qapısı”)” çoxcildlikləri, “Azərbaycan oxusun” kitabı, AMEA Hüseyn Cavidin Ev Muzeyinin yaranması və fəaliyyəti haqqında mühüm sənədlər nümayiş etdirilir.

Sərgi mayın 10-dək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.