www.science.az
13.09.2018 11:20

Coğrafiya İnstitutunun alimləri Xəzər sahillərindən Qarabağ düzünə qədər olan ərazidə çöl tədqiqatları aparıblar

AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, c.ü.f.d. Mirnuh İsmayılovun rəhbərlik etdiyi ekspedisiya qrupu Xəzər sahillərindən Qarabağ düzünə qədər olan ərazidə çöl tədqiqatları aparıblar.

Məqsəd qlobal iqlim dəyişmələri şəraitində Kür dağarası çökəkliyinin əsasən məskunlaşmış ərazilərində təbii-antropogen landşaftların inkişaf dinamikasını, antropogen transformasiyasının əsas istiqamətlərini müəyyən etməklə yanaşı, təbii landşaftlarda baş verə biləcək müxtəlif ssenarili dəyişmələrə antropogen fəaliyyətin adaptasiyası tədbirlərinin hazırlanması olub.

Alimlər Kür dağarası çökəkliyində landşaftların dinamikası və antropogen transformasiyası istiqamətlərini müəyyən etmək məqsədi ilə ərazinin yarımsəhra, quru-çöl və meşə-çöl landşaftlarının müxtəlif səviyyələrdə differensiyasını tədqiq ediblər.

Bu məqsədlə müxtəlif landşaft növlərində 40-a yaxın nümunə meydançası ayrılıb, onlarda kompleks müşahidələr aparılıb, kimyəvi analiz məqsədi ilə torpaq-bitki və süxur nümunələri götürülüb, antropogen transformasiyalar qeydə alınıb və iri miqyaslı (1:25000, 1:100000) xəritələşmə aparılıb.

Salyan düzündə Xəzər sahili ərazilərin landşaftlarının dinamikası tədqiq edilib. İlkin olaraq müəyyən edilib ki, son 3-4 il ərzində Xəzər dənizinin səviyyəsi sürətlə aşağı düşüb. Qeyd olunan müddətdə Salyan düzünün dəniz sahili ərazilərində relyef xüsusiyyətlərindən asılı olaraq, dəniz Züd-Ost Kultuk körfəzi sahillərində 1200-1500,  bəzi sahillərdə isə 200-300 metrə qədər geri çəkilib və nəticədə geniş ərazi kontinental rejimə keçib. Dənizin geri çəkilməsi ilə yeni yaranan landşaftların evolyusiyası, struktur-dinamiki xüsusiyyətləri öyrənilib və 1:25000 miqyaslı xəritə tərtib edilib. Məlum olub ki, dəniz altından  çıxmış ərazilərdə şiddətli dərəcədə şorlaşmış tipik yarımsəhra və səhralaşmış landşaftlar əmələ gəlib. Dənizin geri çəkilməsi ilə qurunun içərilərinə doğru iqlimin yumşaldıcı təsiri zəifləyib. Xəzər dənizinin Salyan düzündə, Qultuk və Qızılağac körfəzi sahillərində sürətlə geri çəkilməsi  təbii landşaftlarda aridləşmə və səhralaşma meylini gücləndirəcək.

Kür-Araz  ovalığında landşaftların struktur-ərazi dinamikasında suvarma sistemlərinin və su anbarlarının rolu böyükdür. Son  zamanlar iqlimdə baş verən dəyişmələrə ən tez reaksiya verən kiçik çayların quruması hövzə landşaftlarında səhralaşma meylini gücləndirib.

Kür dağarası çökəkliyində bəzi qurumuş göl və bataqlıq sahələrinin su rejimi kollektorlar hesabına bərpa edilir. Bu isə yolverilməzdir. Çünki kollektorların suyu kimyəvi cəhətdən təsərrüfat üçün yararsızdır. Quraqlığa qarşı bu cür mübarizə gələcəkdə Kür-Araz ovalığında şoranlıqların və bataqlaşma sahələrinin  artmasına və son nəticədə səhralaşmış yararsız torpaqların genişlənməsinə səbəb olacaq.

Son zamanlar Kür çökəkliyində pambıqçılığın sürətlə  inkişafı kimyəvi dərmanlardan istifadəni intensivləşdirib. Nəticədə ərazidəki qrunt sularında və onlarla qidalanan kollektorlarda zəhərli kimyəvi  elementlərin miqdarı artıb. Bu da kollektorların suyundan hər hansı bir məqsədlə istifadəni təhlükəli həddə çatdırır.

Qarabağ düzünün unikal landşaftlarından  olan Sultanbud  saqqız ağacı meşələri acınacaqlı vəziyyətə düşüb.  Meşədə aparılan tədqiqat zamanı  ağacların kütləvi qırılması, kənd təsərrüfatından istifadə sahələri və meşə bərpa xüsusiyyətləri öyrənilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.