www.science.az
28.09.2018 16:26

Yer Elmləri Bölməsinin növbəti iclası keçirilib

AMEA-nın Yer Elmləri Bölməsinin (YEB) və Neft və Qaz İnstitutunun (NQİ) elmi şurasının birgə iclası keçirilib.

Neft və Qaz İnstitutunda baş tutan tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov, bölmə üzvləri, elmi müəssisələrin rəhbərləri və əməkdaşları iştirak ediblər.   

İclası YEB-in akademik-katibi, akademik Fəxrəddin Qədirov açaraq gündəlikdə duran məsələlər barədə iştirakçılara məlumat verib. O, akademik Vasif Babazadəni “Şərəf” ordeni, AMEA-nın müxbir üzvü Elmira Ramazanovanı isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü ilə təltif olunması münasibətilə təbrik edib.

Daha sonra Yer Elmləri Bölməsinin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında Qərar Layihəsinə əsasən, NQİ və İdarəetmə Sistemləri İnstitutunun birlikdə hazırladıqları “İntellektual yataq” konsepsiyasının nəzəri əsasları müzakirə edilib.

Müzakirələr zamanı NQİ-nin Müasir qazmanın nəzəri və tətbiqi problemləri şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Qalib Əfəndiyev çıxış edərək konsepsiya barədə məlumat verib. Bildirib ki, dünya təcrübəsində intellektual yataq dedikdə neft və qaz yataqlarının işlənməsi ilə əlaqədar texnoloji proseslərin daima optimallaşdırılmasına yönəldilmiş əməliyyatların avtomatlaşdırılmış idarəetmə sistemi nəzərdə tutulur. O, bunun üçün bir çox məsələlərlə yanaşı, yatağın və texnoloji proseslərin modellərinin qurulmasının zəruriliyini vurğulayıb: "Bu, tamamilə yeni idarəetmə sistemi növüdür. Həmin sistemin tərkibinə altsistem kimi - informasiya təminatı, riyazi təminat və təşkilati təminat sistemləri daxildir".

Alim informasiya təminatı sisteminin informasiyanın alınması və istifadəsini nəzərdə tutduğunu, riyazi təminatın isə texniki vasitələrin normal işləməsinə yönəldilmiş riyazi üsulların, modellərin, alqoritm və proqramların vəhdəti olduğunu bildirib.

Q.Əfəndiyev təşkilati təminat sistemində işçilərin qarşılıqlı əlaqələrinin, texnoloji proseslərin həyata keçirilməsi zamanı qərarların qəbul edilməsinin üsul və vasitələrinin nərəzərdə tutulduğunu diqqətə çatdırıb.

“İntellektual yataq” konsepsiyası barədə çıxış dinlənildikdən sonra müzakirələr aparılıb. Müzakirələrdə akademiklər - İbrahim QuliyevTelman ƏliyevHətəm QuliyevPərviz Məmmədov, müxbir üzvlər - Arif QuliyevQərib Calalov və professor Adil Əliyev çıxış edərək fikir və təkliflərini bildiriblər.

İclasda daha sonra AMEA-nın müxbir üzvü Dadaş Hüseynov çıxış edərək Geologiya və Geofizika İnstitutunun 80 illik yubileyinə hazırlığın gedişi barədə məlumat verib.

Bundan əlavə, iclasda NQİ-nin strukturunda qismən dəyişiklik haqqında qərar qəbul edilib.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.