www.science.az
08.10.2018 09:27

Akademik İsa Həbibbəyli Qırğızıstanda keçirilən forumda iştirak edib

Qırğızıstanın Çolpon-Ata şəhərində “Çingiz Aytmatov və müasir dövrün çağırışları” adlı üçüncü Beynəlxalq İssık-Kul Forumu keçirilib.

Tədbirdə dünyanın 25 ölkəsindən 160-dan çox tanınmış siyasətçi, ədəbiyyatçı, rəssam, müxtəlif sahələri əhatə edən alim və tədqiqatçı iştirak edib.

Ölkəmizi beynəlxalq forumda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Çingiz Aytmatovun tədqiqatçısı, filologiya elmləri doktoru Mehman Həsənov, professor Fuad Məmmədov və Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov təmsil ediblər.

Humanizm, müasir iqtisadi problemlər, xalqların milli və mədəni dəyərlərinin qorunması məsələlərinin də müzakirə olunduğu tədbirdə İsa Həbibbəyli, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, qazax yazıçısı Oljas Suleymenov, Rusiya Federasiyasının Tatarıstan Respublikası Baş nazirinin müavini Leyla Fazlieva, Başqırdıstan Baş nazirinin müavini Fanzil Çınqızov və digər şəxslər çıxış edib.

Akademik İ.Həbibbəyli çıxışında Çingiz Aytmatovun Azərbaycanda da çox sevildiyini bildirib, böyük yazıçının bir çox əsərlərinin Azərbaycan dilində çap olunduğunu diqqətə çatdırıb. O, 2008-ci ildə görkəmli yazıçının 80 illik yubileyinin Bakıda yüksək səviyyədə qeyd edildiyini, Prezident İlham Əliyevin Sərəncamı ilə isə Çingiz Aytmatovun “Dostluq” ordeni ilə təltif olunduğunu vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.