www.science.az
09.10.2018 09:36

Fiziologiya İnstitutunun direktoru beynəlxalq konqresdə məruzə ilə çıxış edib

Rusiyanın paytaxtı Moskva şəhərində "XXI əsrdə insanın psixi sağlamlığı" adlı II beynəlxalq konqres keçirilib.

Konqres Ümumdünya Səhiyyə Təşkilatının himayəsi altında Ümumdünya Psixiatriya Assosiasiyası, Beynəlxalq Sosial Təminat Assosiyasiyası, Ümumdünya Psixoterapiya Şurası, Beynəlxalq Autizm Avropa Assosiyasiyası, Beynəlxalq Herontologiya və Heriatriya Assosiasiyasının Avropa Bürosu, Ümumdünya Psixososial Reabilitasiya Birliyi kimi dünyanın aparıcı peşəkar təşkilatlarının və Rusiyanın Səhiyyə, Təhsil və Elm, Əmək, İdman nazirliklərinin dəstəyi ilə baş tutub.

Psixi sağlamlığın qorunmasında təhsilin və maariflənmənin rolunun müzakirəsinə həsr olunan tədbirdə 50-dən çox ölkədən 1000-dən artıq aparıcı ekspert iştirak edib.

Forumda ölkəmizi təmsil edən AMEA-nın akad. A.Qarayev adına Fiziologiya İnstitutunun direktoru, b.ü.e.d. Ulduz Həşimova “Beynin qocalması və koqnitiv funksiyaların saxlanmasında qidalanmanın rolu” mövzusunda məruzə ilə çıxış edib. Alim məruzəsində institutun yüksək uzunömürlülük indeksi ilə fərqlənən rayonlarda apardığı kompleks tibbi-bioloji tədqiqatların nəticələrini, xüsusilə uzunömürlü insanların koqnitiv status da daxil olmaqla, sağlamlıq statusunun qiymətləndirilməsinə dair məlumatları təqdim edib. Bundan əlavə, koqnitiv pozulmaların və demensiyanın inkişafının qarşısının alınması üçün qidanın rolunun əhəmiyyəti, bəzi fizioloji fəal maddələrin, o cümlədən azərbaycanlıların ənənəvi mətbəxində geniş istifadə edilən zəfəranın və kurkuminin heroprotektor effektlərinin tədqiqinin nəticələri qeyd olunub.

Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.