www.science.az
20.11.2018 09:39

“Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi” (XVII əsr – XVIII əsrin ilk dörddəbiri)” kitabı işıq üzü görüb

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi” (XVII əsr – XVIII əsrin ilk dörddəbiri)” kitabı “Şərq-Qərb” nəşriyyatında çapdan çıxıb.

Kitab Qərb dövlətlərinin, habelə Rusiyanın əlində Səfəvilər dövlətinə qarşı casusluq, şantaj və separatizm vasitəsinə çevrilmiş Qriqorian kilsəsinin kəşfiyyat və siyasi-ideoloji fəaliyyətinin dərk edilməsi və ətraflı işıqlandırılması üçün ilk cəhddir.

Nəşrin birinci hissəsində alim faktlara əsaslanaraq erməni mənbələrinin guya Qriqorian kilsəsinin Səfəvilərə qarşı fəaliyyətinin həmin ərazilərdə erməni dövlətinin bərpa edilməsi uğrunda mübarizə ilə bağlı olduğuna dair yalan iddialarını ifşa edir. Müəllif sübut edir ki, həmin ərazilərdə erməni dövləti heç vaxt mövcud olmayıb. Akademik, həmçinin erməni tarixçiləri tərəfindən guya Səfəvi hökmdarları arasında “erməni fobiyası”nın mövcud olması, onların erməni əhalisini məhv etməsi, ermənilərə İslam dinini zorla qəbul etdirməsi və erməni ruhaniləri sıxışdırması barədə irəli sürülən tezisin də əsassız olduğunu göstərir. Bu halda müəllif elə ermənilərin öz mənbələrinə, o cümlədən orta əsr salnaməçisi Arakel Davrijetsinin, salnaməçi Zəkəriyyə Kenakertsinin, habelə Rusiya və Qərb tədqiqatçılarının əsərlərinə istinad edir.

Kitabın ikinci fəslində Səfəvilər dövlətinin ərazisində özlərinin kəşfiyyat fəaliyyətini dini və diplomatik məqsədlərlə ört-basdır edən katolik missiyalarının yaranması tarixi izlənilir. Kitabın üçüncü fəslində isə Vatikan emissarları və onların erməni əlaltılarına qarşı mübarizədə Səfəvilərin strategiyası və uğurları barədə söhbət açılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.