www.science.az
21.11.2018 11:01

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun bir qrup əməkdaşı AHİK tərəfindən mükafatlandırılıb

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 85 illik yubileyi münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən bu elmi müəssisənin bir qrup əməkdaşı AHİK-in yubiley medalı, döş nişanı və fəxri fərmanı ilə mükafatlandırılıb.

Bu münasibətlə keçirilən tədbirdə AHİK-in sədri, professor Səttar Möhbalıyev institutun fəaliyyət göstərdiyi müddətdə Azərbaycan elminə verdiyi dəyərli töhfələrdən söz açıb, əlamətdar gün münasibətilə Ədəbiyyat İnstitutunun əməkdaşlarını təbrik edib, onlara yeni yaradıcılıq uğurları arzulayıb. Bildirib ki, bu elm məbədi Azərbaycan Respublikasının ədəbiyyat siyasətini sistemli şəkildə uğurla həyata keçirir. Bu gün tanınmış ədəbiyyatşünas alimlər institutda elmi fəaliyyətlərini uğurla davam etdirirlər.

Daha sonra prof. S.Möhbalıyev mükafatları əməkdaşlara təqdim edib.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli AHİK ilə akademiyanın həmkarlar ittifaqları arasındakı əlaqələrin və səmərəli əməkdaşlığın genişlənməsindən məmnunluğunu ifadə edib. O, AHİK-in elm sahəsində fəaliyyət göstərən əməkdaşlara hər zaman qayğı göstərdiyini deyərək, bu qurumun sədri S.Möhbalıyevə xüsusi təşəkkürünü bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.