www.science.az
22.01.2019 09:30

Akademik Məhəmməd Mehdiyevin monoqrafiyası “Springer” nəşriyyatında çapdan çıxıb

Bakı Dövlət Universitetinin Tətbiqi-riyaziyyat və kibernetika fakültəsinin dekanı, akademik Məhəmməd Mehdiyevin “Elastiklik nəzəriyyəsinin bəzi fəza məsələlərinin asimptotik analizi” (Asymptotic Analysis of Spatial Problems in Elasticity) adlı monoqrafiyası ingilis dilində Almaniyanın məşhur “Springer” nəşriyyatında çapdan çıxıb.

Monoqrafiyanın əsasını müəllif və onun tələbələrinin Bakı Dövlət Universiteti, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda aldıqları nəticələrin bir hissəsi təşkil edir. Kitabda boş silindr üçün anizotrop elastiklik nəzəriyyəsinin statik və dinamik məsələlərinin bircins həlləri verilib. Eyni zamanda, üçölçülü elastiklik nəzəriyyəsi əsasında boş silindrin məxsusi rəqslərinin tezliyinin tapılması üçün asimptotik proses qurulub, bəzi tətbiqi nəzəriyyələrin keyfiyyətli tədqiqi aparılıb və bu nəzəriyyələrin tətbiqolunma sərhədləri müəyyən edilib.

Monoqrafiya elastiklik nəzəriyyəsi, lövhə və örtüklər nəzəriyyəsi, tətbiqi riyaziyyat sahəsində çalışan mütəxəssislər üçün nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.