www.science.az
08.02.2019 15:09

AMEA-nın Naxçıvan Bölməsi hesabat verib

Fevralın 8-də AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclası AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq gündəlikdə yer alan məsələlər haqqında məlumat verib.

Tədbirdə AMEA-nın Naxçıvan Bölməsinin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabat dinlənilib. Çıxış edən bölmənin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, he­sa­bat ilində bölmədə ölkə başçısının 21 fər­man və sərən­camı, Azərbaycan Respub­likası Nazirlər Kabinetinin 15 qərar və sərəncamı, Nax­çıvan Muxtar Respublikasının Ali Məc­li­si və Nazirlər Kabinetinin 36 fər­man, sərəncam və qərarı, AMEA-nın 16 sərəncam və qərarı icra edilib.

Mühüm nəticələrə dair statistik məlumatları diqqətə çatdıran İ.Hacıyev vurğulayıb ki, bölmə üzrə 6 elmi istiqamətdə 6 problemi əhatə edən 7 mövzuda 36 iş 89 mərhələdə ye­rinə yeti­ril­ib. Hesabat ilində bölmə əməkdaşlarının 23 monoqrafiya, 15 ki­tab, 4 kitabça, 3 metodik vəsait, 555 el­mi məqalə, 213 konfrans materialı və 7 tezisi nəşr edilib. 2 monoqrafiya, 87 elmi məqalə, 75 konfrans ma­terialı və 3 tezis xaricdə işıq üzü görüb. İm­pakt faktorlu jurnallarda dərc olun­an elmi məqa­lə­lərin sayı isə 48-dir.

Akademik bölməyə daxil olan elmi müəssisələrdə həyata keçirilən tətbiq yönümlü işlərdən danışıb. Qeyd edib ki, "Şorsu" pal­çı­ğının kim­yə­­vi tər­kibi analiz edilib, palçığın qatılaşdırılma, qurudulma metodikası, tex­niki şərt­­ləri hazırlanıb, iki növdə müalicəvi dərman məhsulları qablaşdırıla­raq – yaş şəkil­də və quru toz halında istifadəyə verilib. Aparılan tədqiqatlar nəticəsində Nax­çıvan Mux­tar Res­pub­likası ərazi florasında elmi təbabətdə və xalq təbabətində istifadə olunan Farma­kope­ya­ya daxil edilmiş 132 rəsmi dərman bitkisinin olduğu müəyyən edil­ib.

Elmlə təhsilin inteqrasiyasından danışan natiq nəzərə çatdırıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin "Nax­çı­van Muxtar Respub­li­ka­sının elm, ali və orta ixtisas təhsili mü­əs­si­sələri ilə ümumtəhsil məktəbləri arasın­da əlaqələrin təşkili haqqın­da" Sərəncamına uyğun ola­raq 53 elmi dərəcəli əməkdaş Muxtar Respub­li­kanın 38 ümum­­­təhsil məktəbində təşkil olunan nümunəvi dərslərdə iştirak edib. Həmçinin 12 əməkdaş in­­teraktiv dər­s tədris edib ki, həmin dərsləri muxtar respublikanın məktəblərində yüzlərlə şagird dinləyib.

Məruzəçi beynəlxalq əməkdaşlıq və qrantlar haqqında da danışıb. Qeyd edib ki, ötən il ABŞ, Fransa­, Türkiyə, Rusiya, Qazaxıs­tan­, İran və digər ölkələrin elm və təh­sil müəssisələri ilə sıx əməkdaşlıq edilib. 2 respub­li­ka səviyyəli qrant la­yi­həsinin icrasının başa çatdığını bildirən natiq 1 beynəlxalq və 1 respublika sə­viyyəli qrant layihəsinin isə icrasının davam etdirildiyini vurğulayıb.

Elektron elmin vəziyyəti haqqında məlumat verən akademik bildirib ki, ötən il bölmənin www.ameanb.nakhchcivan.az elektron portalında mühüm ha­di­sələr, maraqlı məlumat, keçirilən tədbirlər və digər informasiyalar yerləşdirilib. İl ərzində bölmənin elmi ki­tabxa­na­sında müx­­təlif elm sahələrinə aid 454 kitabın elektron variantı hazırlanıb, on­ların 319 ədədi www.e-kitab.ameanb.nmr.az elektron porta­lı­na, 135 ədə­di isə kitab­xana da­­xili şə­bə­­kə­də yerləşdirilib.

Tədbirdə kadr hazırlığından danışan İ.Hacıyev hazırda böl­mədə 16 nəfər dok­torant, 32 nəfər dissertantın elmi təd­qi­qatlarını da­vam etdirdiyini bildirib.

Təltiflər və mükafatlardan danışan natiq diqqətə çatdırıb ki, bölmə əməkdaşları tərəfindən hazırlanan "Təbii su­ların geokim­yası və Naxçıvan Muxtar Respublikasında yayıl­ma xüsu­siy­­­yət­­ləri" kitabı 38-ci Beynəlxalq Paris Luvr kitab sərgisinin qızıl medalına, "Cə­miy­yət və təbiətin qarşılıq­lı əlaqəsində ekologi­ya və ətraf mühit" kitabı isə 31-ci Bey­nəlxalq Kitab Sərgi Yarmarkasında qızıl medala layiq görülüb. Eyni zamanda bölmənin bəzi əməkdaşları respublika və beynəlxalq səviyyəli mükafatlarla təltif olunublar.

Məruzə dinlənildikdən sonra müzakirə aparılıb, suallar cavablandırılıb. Rəyasət Heyəti hesabatın təsdiqi və AMEA-nın illik hesabatına salınmasına dair qərar qəbul edib. Bölməyə Prezident İlham Əliyevin "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında" və 2019-cu ilin "Nəsimi ili" elan edilməsi haqqında, "Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında" sərəncamlarının icrası ilə əlaqədar Tədbirlər Planında nəzərdə tutulmuş işlərin yerinə yetirilməsi və digər məsələlərlə bağlı tapşırıqlar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.