www.science.az
12.02.2019 12:06

AzScienceNet şəbəkəsi və AMEA Yüksək Texnologiyalar Parkı arasında əməkdaşlıq əlaqələri genişləndirilir

Məlumdur ki, İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet elm kompüter şəbəkəsi AMEA-nın elmi müəssisə və təşkilatlarına yüksək səviyyəli İnternet xidmətləri göstərərək Azərbaycan elminin dünya elminə inteqrasiyasını təmin edir.

AzScienceNet dünyanın nüfuzlu beynəlxalq təşkilatları, o cümlədən Avropa Birliyinin müvafiq qurumları ilə sıx əməkdaşlıq əlaqələri quraraq akademiyanın institut və təşkilatlarının əməkdaşlarının dünyanın elm və təhsil şəbəkələrinin təqdim etdiyi imkanlardan yararlanmasına, eləcə də ölkəmizdə fəaliyyət göstərən elmi qurumların qabaqcıl texnologiyalar və xidmətlərdən istifadəsinə şərait yaradır.

Bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri də iqtisadiyyatın İKT sektorunun davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə xidmət edən AMEA Yüksək Texnologiyalar Parkı (YT Park) ilə əməkdaşlıq əlaqələrinin qurulmasıdır.

YT Park innovasiya məhsullarının və yüksək texnologiyaların hazırlanması, işlənilməsi, təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi üçün zəruri infrastrukturu, maddi-texniki bazanı və idarəetmə qurumlarını bir ərazidə birləşdirir. Qeyd olunan xidmətlərin əhatə dairəsini nəzərə alaraq AzScienceNet şəbəkəsi AMEA YT Parkı ilə əməkdaşlıq əlaqələrini daha da genişləndirib. Bu məqsədlə parkda yüksək səviyyəli İnternet xidmətlərinin təmin edilməsi və İnternetə qoşulma sürətinin artırılması üçün bir sıra işlər həyata keçirilib. AzScienceNet tərəfindən YT Parkda İnternetin sürətinin daha optimal paylanması təmin olunub, izafi İnternet istifadəsinin qarşısının alınması üçün monitorinq sistemi quraşdırılıb. Həmçinin, təhlükəsizliyin və istifadəyə yararlılığın təmin olunması üçün təhlükəsizlik portları sazlanıb, İnternetin sürəti 40 Mbit/s-yə, virtual şəbəkələrin sayı 2-yə çatdırılıb.

Qeyd edək ki, yaxın gələcəkdə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.