www.science.az
12.02.2019 15:22

Birləşmiş Veteranlar Şurasının iclasında bir sıra məsələlər müzakirə olunub

Fevralın 12-də AMEA-nın Birləşmiş Veteranlar Şurasının (BVŞ) növbəti iclası keçirilib.

Akademiyanın Əsas binasında baş tutan tədbirdə elmi müəssisə və təşkilatların veteran şuralarının sədrləri iştirak ediblər.

İclası şuranın sədri Eldar Quliyev açaraq BVŞ-nin öz fəaliyyətini 28 iyun 1994-cü ildə təsdiqlənən "Veteranlar Haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən tənzimlədiyini deyib. Bildirib ki, sözügedən sənəd veteranların sosial və hüquqi müdafiəsinin təmin edilməsinə, yaşayış sahəsi ilə təminatına, əmək hüququnun heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinə və ictimai faydalı fəaliyyətdə iştirakına imkan verir.

E.Quliyev qanunda göstərilənləri rəhbər tutaraq, 2019-cu ildə AMEA BVŞ tərəfindən əməyin stimullaşdırılması, ehtiyacı olan veteranlara yardım edilməsi, elmi müəssisələrdə veteran şuralarının işinin təkmilləşdirilməsi məqsədilə hazırlanmış Tədbirlər Planının icra olunacağını söyləyib. Hazırda akademiyada 1868 veteranın çalışdığını deyən E.Quliyev BVŞ üzvlərindən bir nəfərin Böyük Vətən Müharibəsi, 98 nəfərin Əfqanıstan və Qarabağ müharibəsi, bir nəfərin isə Çernobıl veteranı olduğunu diqqətə çatdırıb.

BVŞ sədri müəssisələrdən təqdim olunmuş siyahılara əsasən, cari ildə 37 aztəminatlı veterana birdəfəlik müavinətin ödəniləcəyini, 21 veterana güzəştli yeməyin veriləcəyini, 37 veteranın isə tibbi sanatoriyalara göndəriləcəyini bildirib.

O, həmçinin 2014-2018-ci illər arasında 600-dən çox əməkdaşa "Əmək veteranı" adı və vəsiqəsinin verildiyini də xatırladıb. Qeyd edib ki, yaxın günlərdə elmi müəssisə və təşkilatlardan BVŞ-yə daxil olmuş sənədlərə əsasən, daha 101 əməkdaşa "Əmək veteranı" adı və vəsiqəsi təqdim ediləcək.

E.Quliyev, həmçinin veteranların siyahılarının yenilənməsi barədə elmi müəssisə və təşkilatların veteran şuralarının sədrlərinə tapşırıq verib.

Sonra AR Nazirlər Kabinetinin təsdiqlədiyi faşizm üzərində qələbənin 75 illiyi ilə əlaqədar Tədbirlər Planı müzakirə olunub, bununla əlaqədar konfransların, sərgilərin keçirilməsi qərara alınıb.

Mövzu ilə əlaqədar çıxış edən AMEA Rəyasət Heyəti aparatının Mətbuat və informasiya idarəsinin rəisi, BVŞ sədrinin müavini Zülfüqar Fərzəliyev gənclər arasında əks təbliğatın aparılmasının qarşısının alınmasının önəminə toxunub, o cümlədən faşizm üzərində qələbədə böyük rol oynamış Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədov, Əhmədiyyə Cəbrayılov və digərlərinə Bakıda heykəllərin, abidələrin ucaldılmasının zəruriliyini vurğulayıb.

BVŞ-nin üzvü, AMEA-nın müxbir üzvü Rafiq Qasımov isə AMEA-da çalışan gənc əməkdaşlarla tərbiyəvi söhbətlərin aparılması və onlarda vətənpərvərlik ruhunun aşılanması və güclənməsi istiqamətində təbliğat işlərinin görülməsinə diqqət çəkib.

İclasda, həmçinin Milli Azərbaycan Tarix Muzeyinin, Şamaxı Astrofizika Rəsədxanası, Neft-Kimya Prosesləri və Polimer Materialları institutlarının veteranlar şuralarının sədrləri çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

Sonda bir sıra cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.