www.science.az
14.03.2019 16:09

Aşqarlar Kimyası İnstitutunda Elm Günü ilə əlaqədar “açıq qapı” günləri təşkil olunub

27 mart - Elm Günü ilə əlaqədar AMEA Rəyasət Heyətinin Tədbirlər Planına uyğun olaraq AMEA akad. Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda (AKİ) “açıq qapı” günləri təşkil olunub.

“Açıq qapı” günündə Kaspi Təhsil Mərkəzinin müəllim və şagirdləri instituta gələrək, bu müəssisənin laboratoriyalarında quraşdırılan müasir cihaz və avadanlıqlarla yaxından tanış olublar.

İnstitutun direktoru, akademik Vaqif Fərzəliyev rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə şagirdlərə məlumat verib. Bildirib ki, müəssisədə sürtkü yağlarının, yanacaqların və xüsusi mayelərin istismar xassələrini yaxşılaşdıran müxtəlif funksional təsirli aşqarların sintezinin elmi əsaslarının yaradılması, alınma texnologiyasının işlənib hazırlanması, eləcə də fizioloji fəal maddələrin sintezi və tədqiqi sahəsində fundamental tədqiqatlar aparılır. Bu elm ocağında alınan müxtəlif funksional təsirə malik yüksək təsirli yeni aşqarlar oksidləşmə, korroziya, yeyilmə və siyrilməyə qarşı bioloji zədələnmənin qarşısını almaqda tətbiq olunur.

Akademik V.Fərzəliyev Prezident İlham Əliyevin “Elm günü”nün təsis edilməsi haqqında müvafiq Sərəncamını da xatırladaraq, bu sənədin dövlət başçısının Azərbaycan elminə böyük diqqət və qayğısının təzahürü olduğunu vurğulayıb. Bildirib ki, Prezident İlham Əliyevin cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq imzaladığı bu sənəd elm siyasətinin tərkib hissəsidir. Akademiya dövlətimizin başçısının genişmiqyaslı islahatlarına, elm siyasətinə uyğun olaraq yeni-yeni uğurlar qazanıb. Belə bir tarixi günün təsis edilməsi AMEA qarşısında daha ciddi vəzifələr qoyur.

Daha sonra AKİ-nin laboratoriya müdiri və Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru, dosent Əfsun Sucayev, insitutun elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Nəzər Nəzərov şagirdlərə laboratoriyalarda istifadə olunan sintez və fiziki-kimyəvi analiz cihazları barədə məlumat veriblər.

Sonda institutun magistrantları Lalə Əliyeva və Nərgiz Məcdi məktəblilər üçün əyləncəli təcrübələr nümayiş etdiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.