www.science.az
14.03.2019 17:18

“Azərbaycan Respublikasında CERT xidmətləri: kibertəhlükələr və onlardan mühafizə üsulları” mövzusunda respublika elmi-praktiki seminarı keçirilib

Kibertəhlükəsizlik sahəsində əlaqəli fəaliyyətin səmərəliliyinin və maarifləndirmə səviyyəsinin artırılması, habelə ümummilli hazırlığın yüksəldilməsi üçün Azərbaycanda ilk dəfə olaraq 11-15 mart 2019-cu il tarixlərində AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçirilir.

“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində 14 mart 2019-cu il tarixində AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə  “Azərbaycan Respublikasında CERT xidmətləri: kibertəhlükələr və onlardan mühafizə üsulları” mövzusunda respublika elmi-praktiki seminarı keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd ölkədə fəaliyyət göstərən CERT xidmətlərinin nailiyyətləri, gələcək vəzifələri, insidentlərlə bağlı aidiyyəti qurumlar arasında informasiya mübadiləsi, beynəlxalq əməkdaşlıq perspektivləri, müvafiq xarici strukturlara inteqrasiya məsələlərinin müzakirəsi olub.

Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində kibertəhlükəsizliyin çoxaspektli problemlərinin müzakirə olunduğunu bildirib.

Ölkəmizdə kibercinayətkarlıqla mübarizə işinin səmərəli təşkili, idarə olunması, koordinasiyası, yeni yanaşmaların dərindən öyrənilməsi və kadr hazırlığının həyata keçirilməsi ilə bağlı mühüm tədbirlərin görüldüyünü deyən alim AMEA-nın bu istiqamətdə dövlət siyasətinə elmi dəstək verdiyini qeyd edib. R.Əliquliyev informasiya təhlükəsizliyinin akademiyanın prioritet istiqamətlərindən olduğunu və bu qurumda informasiya təhlükəsizliyinin texnoloji aspektləri ilə yanaşı, siyasi-ideoloji, iqtisadi, humanitar, kulturoloji və s. aspektləri ilə bağlı mühüm tədqiqatların aparıldığını vurğulayıb.

“Kibertəhlükəsizliyin təmini ilə bağlı ən vacib məsələlərdən biri şəbəkələrdə təhlükəsizliyin təmin olunması ilə əlaqədar baş verən insidentlərə operativ reaksiya verilməsi, onların analizi və ümumiləşdirilməsidir”, – deyən institut direktoru bu sahədə beynəlxalq qurumlarla əməkdaşlığın böyük səmərə verəcəyinə əminliyini ifadə edib.

R.Əliquliyev tədbirin rəhbərlik etdiyi qurumda keçirilməsinin təsadüfi olmadığını deyərək, ölkədə informasiya təhlükəsizliyi sahəsində ilk tədqiqatların AMEA İnformasiya Texnologiyaları İnstitutunda aparıldığını diqqətə çatdırıb. O, institutda 1990-cı illərdən etibarən informasiya təhlükəsizliyi ilə bağlı 400-ə yaxın məqalənin nəşr olunduğunu, informasiya texnologiyalarının inkişaf tempi ilə ayaqlaşaraq yeni problemlər üzrə tədqiqatlar aparıldığını vurğulayıb.

Məruzəçi son zamanlar informasiya cəmiyyəti ekomühitində müəyyən təhlükələrin mövcud olduğunu qeyd edərək sosial media vasitələrindən istifadə etməklə ölkəmizə qarşı informasiya müharibəsinin həyata keçirildiyi bildirib və bu təhlükələrlə mübarizə aparılmasının zəruriliyindən danışıb. R.Əliquliyev dövlət qurumları və vətəndaş cəmiyyəti müəssisələrinin səylərini birləşdirərək ölkəmizin milli təhlükəsizliyinin təmin olunmasına dəstək verməsinin vacibliyini bildirib.  

AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə tədbirin “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində keçirilən elmi-texniki seminarın əhəmiyyətindən bəhs edib. O, tədbirin cəmiyyətin diqqətinin kibertəhlükəsizlik məsələlərinə yönəldilməsi və maarifləndirilməsi baxımından önəmini qeyd edib.

Azərbaycanda ilk CERT mərkəzinin 2011-ci ildə AMEA-da yaradıldığını deyən E.Vəlizadə bu mərkəzin AMEA-nın AzScienceNet şəbəkəsində ziyankar proqramların yayılması və şəbəkə hücumları ilə əlaqədar statistik verilənlərin toplanması, saxlanılması və analizini həyata keçirdiyini diqqətə çatdırıb. O, həmçinin ölkəmizdə mövcud olan Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter insidentlərinə qarşı mübarizə mərkəzi və digər CERT mərkəzləri barədə məlumat verib, onların beynəlxalq səviyyədə tanındığını bildirib. Qeyd edib ki, CERT-lərin əsas məqsədi qlobal aləmdə yaranan boşluqlar barədə ictimaiyyətin məlumatlandırılmasının həyata keçirilməsi və müxtəlif təlimatların verilməsidir.

E.Vəlizadə hazırda ölkəmizdə kibertəhlükəsizlik strategiyasının hazırlandığını və bu strategiyada sahəvi CERT-lərin yaradılması məsələsinin yer aldığını diqqətə çatdırıb. Nazir müavini əməli və elmi birliyin yaradılması ilə kibertəhlükəsizlik sahəsində potensialın gücləndirilməsinin mümkünlüyünü qeyd edib. 

Sonra Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin rəis müavini Azər Əhədov çıxış edərək ölkəmizdə özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsi və informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, informasiya proseslərinin mühafizəsi, informasiya resurslarının və sistemlərinin mümkün təhdidlərdən qorunması istiqamətlərində görülən işlər barədə məlumat verib. Məruzəçi fəaliyyət göstərdiyi qurumun ölkə rəhbərliyi tərəfindən informasiya təhlükəsizliyinin təmin olunması ilə bağlı qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdiyini söyləyib.

Daha sonra institutun şöbə müdiri, tex.f.d., dos. Yadigar İmamverdiyev “CERT-lərin təkamülü: yeni trendlər və çağırışlar”, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Faiq Fərmanov “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (www.cert.az) fəaliyyət istiqamətləri” və Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Dövlət Agentliyinin idarə rəisi Tural Məmmədov “Yeni nəsil təhdidlərlə mübarizədə “CERT.gov.az”ın fəaliyyəti. Yeni yaradılmış “Blacklist.gov.az” xidmətinin təqdimatı” mövzusunda məruzələrlə çıxış ediblər.

Məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.